Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:48

ABŞ etirazçılara görə İran rəsmilərinə sanksiyalar qoyur


Dövlət katibi Mike Pompeo
Dövlət katibi Mike Pompeo

Birləşmiş Ştatlar onun təbirincə deyilərsə, İranda ötən ay baş vermiş etirazların ardınca bu ölkədə davam etməkdə olan insan haqları pozuntuları ilə bağlı Tehranın üzərinə yeni məhdudiyyətlər qoyub.

Vaşinqtonda bu məsələnin müzakirəsinə həsr edilmiş tədbirə sədrlik edən dövlət katibi Mike Pompeo dekabrın 19-da deyib ki, dinc etirazçıların saxlanmasında iştirak etmiş İran rəsmilərinə qarşı viza məhdudiyyətləri tətbiq olunacaq.

Bu müzakirədə etdiyi çıxışında Pompeo İranda gündəlik qaydada baş verən insan haqları pozuntularından misallar gətirib.

O deyib ki, bir qadın hicablanmaqdan imtina etdiyinə görə həbs olunub, başqa bir gənc isə noyabr ayında “sərbəst toplaşma və ifadə azadlıqlarından” istifadə edərkən güllələnib.

Dövlət katibi xatırladıb ki, İranda müsəlman uşaqlara xidmət edən mərkəzlərdə dini azlıq nümayəndələrinin işləməsinə icazə verilmir.

O qeyd edib ki, son günlər 11 jurnalist həbs edilib.

Pompeo bildirib ki, İranın Kəşfiyyat Nazirliyi müstəiqil jurnalistlərə təzyiq kampaniyasında onların yaşlı ailə üzvlərini təhdid edir.

Amnesty International bildirib ki, etirazların bir neçə günü ərzində 304 nəfər həlak olub.

İran rəsmiləri bu xəbəri “yalan” adlandırıblar.

Bununla yanaşı minlərlə etirazçının saxlandığı xəbər verilir.

Dekabrın 19-da ABŞ Maliyyə Nazirliyi “fəallara, jurnalistlərə və dini azlıq nümayəndələrinə ağır məhkəmə hökmləri” çıxarmış iki İran hakiminə sanksiyalar elan edib.

Adlarının Abolghassem Salavati və Mohammad Moghisseh olduğu bildirilən hakimlər iddia olunduğuna görə İran hökumətinin azad düşüncəyə qarşı repressiyalarında iştirak ediblər.

ABŞ Maliyyə Nazirliyi bunu da bildirib ki, Salavati və Moghisseh hələ 2009-cu il İran prezidenti seçkisinin ardınca baş vermiş etirazlarda iştirak edənlərə rejimin tapşırığı ilə ağır hökmlər oxuduqlarına görə Avropa İttifaqı tərəfindən də sanksiyalara məruz qalıblar.

Onların hətta bir neçə edam hökmü verdikləri deyilib.

XS
SM
MD
LG