Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:55

ABŞ kəşfiyyatı Rusiya, Çin və İranın seçkiyə hədə yaratdıqlarını bildirir


ABŞ kəşfiyyatının yüksək vəzifəli rəsmisi noyabr seçkisinə Rusiya, Çin və İran tərəfindən mümkün müdaxilə barədə xəbərdarlıq edib.

Milli Əks-Kəşfiyyat Təhlükəsizliyi Mərkəzinin direktoru Bill Evanina avqustun 7-də bəyan edib ki, ABŞ kəşfiyyatının təhlili Çinin bu seçkidə prezident Donald Trump-ın məğlubiyyətini istədiyini, Moskvanın Trump-ın rəqibi Joe Biden-in şanslarını zəiflətmək üzərində işlədiyini, İranın isə ABŞ-ın demokratik təsisatlarına etimadın sarsıdılmasına çalışdığını göstərib.

Bundan əvvəl də Birləşmiş Ştatlarda noyabrın 3-də keçiriləcək prezident seçkisinə xarici müdaxilə cəhdi ola biləcəyindən narahatlıq vardı.

2016-cı il seçkisindən sonra ABŞ kəşfiyyatı və hüquq-mühafizə orqanları müəyyən etmişdilər ki, Rusiya bu seçkiyə kompüter hakerliyi və sosial mediada manipulyasiya kampaniyası ilə Trump-ın şanslarını artırmağa, onun rəqibi Hillary Clinton-u isə gözdən salmağa çalışıb.

ABŞ rəsmiləri bunu da bildirmişdilər ki, 2018-ci ilin Konqres seçkisində səsvermə sisteminə müdaxilə üçün çoxsaylı xarici cəhdlər edilib və bu, əslində 2020-ci ilin prezident seçkisinə müdaxilə üçün bir növ məşq olub.

Rusiya Trump-ın seçilməsini, Çin seçilməməsini istəyir

Evanina avqustun 7-də deyib:

“Bir çox xarici ölkələrin bu seçkidə kimin qalib olacağında maraqları var. Onlar bunu özlərinin bir sıra üstüörtülü və şəxsi bəyanatlarında bildirirlər. Biz əsas etibarilə Çinin, Rusiyanın və İranın davam edən və potensial fəaliyyətindən narahatıq”.

Evanina deyib ki, Çin Trump-ın “proqnozlaşdırılmadığını” bildirir və onun seçkidə qalib gəlməsini istəmir:

“Çin öz aqressiv hərəkətlərinin bütün risk və mənfəətlərini ölçüb-biçməkdə davam etsə də, onun son aylarda verdiyi açıq bəyanatlar hazırkı administrasiyanın COVID-19-a reaksiyasının, Çinin Hyustondakı konsulluğunun bağlanmasının və başqa hərəkətlərin tənqidlərinin sərtləşdiyini göstərir”.

O əlavə edib ki, Rusiya Biden-ə “qara yaxmaq” üzərində işləyir və onun tərəfdarları arasında çox sayda “anti-Rusiya isteblişment nümayəndələrinin” olduğunu düşünür.

Evanina deyib ki, İran Trump-ın mövqeyini zəiflətməyə və seçki ərəfəsində ABŞ cəmiyyətini parçalamaqğa səy göstərir.

Evanina izah edib ki, İranın fikrincə, Trump təkrar seçilərsə, ABŞ-ın rejim dəyişikliyi üçün Tehran üzərinə təzyiqləri davam edəcək.

XS
SM
MD
LG