Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:27

ABŞ Türkiyəni ‘uşaq əsgərlərdən istifadə edən ölkələr’ siyahısına salıb


İllüstrativ foto
İllüstrativ foto

Birləşmiş Ştatlar iyulun 1-də Türkiyəni ötən il ərzində uşaq əsgərlərdən istifadə ilə əlaqəsi olan ölkələrin siyahısına daxil edib.

Reuters agentliyi yazır ki, belə bir addım NATO üzvü olan hər hansı ölkə ilə bağlı ilk dəfədir atılır.

Xəbərdə deyilir ki, bu hadisə Vaşinqton və Ankara arasında münasibətləri daha da pisləşdirə bilər.

ABŞ Dövlət Departamenti, özünün İnsan Treffikinqi (TIP) 2021-ci il hesabatında Türkiyənin Suriyadakı Sultan Murad birləşməsinə “nəzərəçarpacaq dəstək” verdiyini qeyd edir.

Ankara Suriya müxalifətinin qruplaşması sayılan bu birləşməyə uzun müddət dəstək verib, Vaşinqtonsa bu qrupun uşaq əsgərləri səfərbər etdiyini bildirir.

ABŞ-ın bu addımı ilə bağlı Türkiyədən hələki reaksiya olmayıb.

Dövlət Departamentinin sözçüsü jurnalistlərə bildirib ki, uşaq əsgərlərdən Liviyada da istifadə olunduğuna dair məlumatlar var və Vaşinqton bu məsələni Ankara ilə müzakirə edəcəyinə ümid bəsləyir:

"Xüsusi olaraq Türkiyəyə gəlincə…bu, ilk dəfədir ki, NATO üzvü olan bir ölkəyə uşaq əsgərlərlə bağlı qanunun tələbləri tətbiq edilir. Mötəbər regional lider və NATO üzvü kimi Türkiyənin bu məsələ ilə, yəni Suriya və Liviyada uşaqların səfərbərliyə alınması və onlardan əsgər kimi istifadə edilməsi məsələsi ilə məşğul olmaq imkanı var”.

Türkiyə ittihamları rədd edir

Türkiyə indiyədək ekstremist İslam Dövləti təşkilatına, habelə ABŞ tərəfindən dəstəklənən kürd qüvvələrinə qarşı döyüşmək üçün Suriya ərazisinə üç dəfə müdaxilə edib.

Bu da qeyd olunur ki, Türkiyə Suriyadakı silahlılardan özünün hərbi qüvvələri ilə yanaşı istifadə edib.

Bu qruplaşmalardan bəziləri mülkilərə hücumlara, adam oğurluğu və qarətlərə görə insan haqları qrupları və BMT tərəfindən ittiham olunub.

BMT Türkiyəni bu Suriya qiyamçılarının “ipini çəkməyə” çağırsa da, Ankara ittihamları “əsassız” adlandırıb.

Türkiyə özünün təmsili qüvvələri, habelə nizami ordusu ilə Liviya münaqişəsində də iştirak edib.

Əslində Ankaranın dəstəyi Liviyanın şərqində Misir və Rusiya tərəfindən dəstəklənən qiyamçı qüvvələrin 14 aylıq hücumunun qarşısını almaqda Tripolidəki rəsmi hökumətə həlledici kömək edib.

Dövlət Departamentinin hesabatında deyilir ki, sözü gedən siyahıya salınan ölkələrə hərbi avadanlıq verilərkən və təhlükəsizlik xidmətləri göstərilərkən müəyyən məhdudiyyətlər tətbiq olunur.

Reuters yazır ki, Ankara üzərinə belə məhdudiyyətlərin qoyulub-qoyulmayacağı bilinmir.

Bu hadisənin NATO qüvvələri Əfqanıstanı tərk etdikdən sonra Kabul hava limanının Türkiyə qüvvələri tərəfindən qorunmasına dair hazırda Vaşinqton və Ankara arasında gedən danışıqları necə təsirləndirə biləcəyi də aydın deyil.

“Çox konstruktiv və dəyərli partnyor”

Dövlət Departamentinin sözçüsü Ned Prays bu iki məsələnin əlaqələndiriləcəyinin inandırıcı görünmədiyini deyib:

"İnsan treffikinqi məsələlərindən danışarkən mən istəməzdim ki, bugünkü hesabat Türkiyə ilə Əfqanıstana və ya ortaq maraqlarımız olan başqa məsələlərə dair apardığımız konstruktiv müzakirələrə bağlansın”.

Türkiyə NATO qoşunları Əfqanıstandan çıxdıqdan sonra Kabuldakı Həmid Kərzay hava limanının müdafiəsini öz üzərinə götürməyi təklif edib. Hazırda ABŞ və Türkiyə arasında bu barədə danışıqlar gedir.

Ankara bildirib ki, hava limanının müdafiəsində ona logistik və maliyyə dəstəyi lazım olacaq.

Prezident Co Bayden NATO sammiti əsnasında Recep Tayyip Erdoğanla keçirdiyi görüşdə belə bir dəstəyi vəd edib.

Təhlilçilər bildirirlər ki, bu danışıqlar Türkiyə ilə onun NATO müttəfiqləri arasındakı gərginliyi azalda bilər.

Prays deyib ki, Əfqanıstan məsələsində Türkiyə həmişə “çox konstruktiv və dəyərli partnyor” olub.

Sözçü işarə edib ki, lazım gələrsə, prezident Bayden sözü gedən hesabat əsasında Türkiyəyə tətbiq olunacaq məhdudiyyətləri müvəqqəti dayandıra bilər.

XS
SM
MD
LG