Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:43

Abramovich-ə Nyu-Yorkda villa tikməyə icazə verməyiblər


Abramovich-in Nyu-Yorkda evləri.
Abramovich-in Nyu-Yorkda evləri.

-

«Chelsea» futbol klubunun sahibi, rusiyalı milyarder Roman Abramovich-in Nyu-Yorkun mərkəzində meqa-villa tikmək arzusu ürəyində qalıb.

Nyu-Yorkun Tikinti Departamenti Abramovich-in sahibi olduğu üç evin yerində bir möhtəşəm villanın tikilməsini nəzərdə tutan layihəni qəbul etməyib.

Bu barədə «New York Post» qəzeti məlumat verib.

Sözügedən 11, 13 və 15 nömrəli üç ev Manhetten rayonunun Yuxarı Şərq Ərazisi adlı tarixi yerində, məşhur Milli Parkın yüz metrliyində yerləşir. Qəzetin dərc etdiyi şəkildən görünür ki, evlərin birinin pəncərələri mıxlanıb. Deməli, burda yaşayış yoxdur. Digər ikisində, ola bilsin ki, yaşayış olsun.

Layihə ümumi sahəsi 1700 kvadratmetr olan bu üç evin daxili həyət hesabına bir qədər də artırılmasını nəzərdə tutur. Zirzəmi hissəsində isə hovuz tikmək planlaşdırılır.

ÜÇ EVƏ 78 MİLYON DOLLAR XƏRCLƏYİB

Abramovich burada birinci evi 2014-cü ilin oktyabrında alıb. Ümumilikdə, üçünə 78 milyon dollar xərcləyib. 13 nömrəli ev ona digərlərindən baha başa gəlib – 30 milyon dollar. Bu ev 1903-cü ildə «polad kralı» kimi tanınan, dünya şöhrətli biznesmen və filantrop Andrew Carnegie tərəfindən tikilib. Rus milyarderə satılmazdan öncə investisiya maqnatı Mark Fife-a məxsus olub.

Sənədlərdən belə görünür ki, milyarder evlərin yenidən qurulmasına daha 6 milyon dollar xərcləməyi planlaşdırır.

Qəzetin əlaqə saxladığı arxitektor Stephen Wang bildirib ki, Tikinti Departamentinin layihəni təsdiqləməkdən imtina etməsi onun heç vaxt reallaşmayacağı anlamına gəlməməlidir. Onun sözlərinə görə, departament sahibkara öz iradlarının siyahısını təqdim etməli, arxitektorlar da həmin iradların aradan qaldırılması ilə məşğul olmalıdırlar. S.Wang ləngimənin çox uzun çəkməyəcəyi fikrindədir.

Məsələ ilə bağlı şəhər departamenti və Roman Abramovich-in özü fikir bildirmək istəməyib.

LONDONDA DA ÜRƏYİNCƏ YAŞAMAĞA QOYMURLAR

Rusiyalı milyarderin Britaniyada da daşınmaz əmlakı var. Əsas da orada yaşayır. Abramovich Londondakı villasını 2011-ci ildə 140 milyon dollara alıb. O vaxt Abramovich həmin villadakı üzgüçülük hovuzunu xeyli genişləndirmək istəyəndə də, problemlər ortaya çıxmışdı.

2016-cı ilin əvvəlinə olan məlumata görə, Abramovich milyarderlərin beynəlxalq reytinqində 151-ci, rusiyalı milyarderlər arasında isə 13-cü yerdədir. Onun varidatı 7.7 milyard dollar qiymətləndirilir.

XS
SM
MD
LG