Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:01

Bakalavr təhsillilərin 43 faizi öz sahəsi üzrə işləmir


Foto arxiv
Foto arxiv

ABŞ-ın "Burning Glass" təşkilatı və ölkənin tələbə kreditləri verən ən böyük qurumlarından biri olan Strada İşin Gələcəyi İnstitutu (Strada Institute for the Future of Work) bu yaxınlarda yeni hesabat dərc edib. Hesabatda işsizliyin universitet məzunlarına uzunmüddətli təsiri araşdırılır.

Hesabatda deyilir ki, bakalavr təhsilli universitet məzunlarının 43%-i öz sahəsi üzrə işlə təmin olunmayıb. Onların çoxu ilk vaxtlar universitet dərəcəsi tələb etməyən işlərdə çalışmağa razı olur və bu, uzun müddət beləcə davam edir.

“Forbes” dərgisinin yazdığına görə, hesabatda müxtəlif ixtisaslar üzrə təhsil almış şəxslər üzrə oxşar durum araşdırılıb. Məlum olub ki, dəqiq elmlər və texnika (STEM) sahələrində təhsil almış insanların öz ixtisasına uyğun işlə təmin olunmaması ehtimalı hamıdan aşağıdır. Mühəndislik və kompüter elmləri üzrə ixtisaslaşan adamların yalnız 30%-nin universiteti bitirəndən sonra öz sahəsi üzrə iş tapmamaq ehtimalı var.

Foto arxiv
Foto arxiv

Buna da bax: "Harvard Universiteti xoşbəxt və uğurlu həyatın sirlərini açıb".

600 MİN MƏZUNDAN 186 MİNİ...

"Burning Glass"-ın dərc etdiyi hesabatda isə 21 ixtisas üzrə təhsil almış insanların öz ixtisasları üzrə iş tapmasına diqqət yetirilir. “Daxili təhlükəsizlik, hüquq mühafizə, yanğınsöndürmə və buna bənzər mühafizə xidmətləri üzrə təhsil alanlar arasında öz ixtisasına uyğun işlə təmin olunmama səviyyəsi 65%-dir", – hesabatda deyilir. Park, istirahət, asudə vaxt və fitnes elmləri üzrə təhsil alanlar arasında da bu göstərici yüksək, 63%-dir.

Strada İnstitutunun hesabatında 2016-cı ildə məzun olmuş şəxslərin aldıqları 21 ixtisas sadalanır və onların fərqli sahələrdə çalışma dərəcələri göstərilir. Bəlli olur ki, "park, istirahət" kimi ixtisasların göstəriciləri çox aşağı olsa da, əslində bu, ən pis yox, orta göstəricidir. Yəni bu ixtisaslar siyahıda 11-12-ci yerləri tutur.

Fərqli sahələrdə çalışan və ixtisasına uyğun işlə təmin olunmayan şəxslərin sayı ilə alınan dərəcələrin sayının müqayisəsi göstərir ki, “biznes, menecment, marketinq və bənzər dəstək sahələri" daha geridədir.

"Burning Glass"-ın hesabatında görə, bu ixtisaslardan məzun olmuş şəxslərin 31%-ə qədəri fərqli sahələrdə çalışır. Qeyd edilir ki, 2016-cı ildə biznes və oxşar sahələr üzrə məzun olmuş 601 min 92 (bu isə nəhəng rəqəmdir) nəfərdən yalnız 186 min 339-u ixtisasına və dərəcəsinə uyğun işlə təmin olunub. 2016-cı ildə universiteti yeni bitirmiş adamlar arasında öz ixtisası üzrə iş tapmayanların sayı isə daha çox, 47% olub.

TİBB XİDMƏTİ VƏ KÖMƏKÇİ TEXNİKİ SAHƏLƏR

ABŞ-ın Əmək Statistikası Bürosunun 2015-ci ildə verdiyi proqnoza görə, tibb xidməti və köməkçi texniki sahələr 2024-cü ilədək iş yerlərinin ən sürətlə artdığı sahələr olacaqdı. Bu sahədə hər 4 mövcud iş yerinə 1 yeni iş yeri əlavə olunmalı idi. Bu isə ümumilikdə 2,3 milyon yeni iş yeri deməkdir. Ancaq sözügedən hesabatda “Tibbi peşələr və bənzər proqramlar" sondan ikinci yeri tutur. Bu ixtisaslara yiyələnən adamların 154 min 915-i ilk vaxtlar işsiz qalıb, yalnız beş il sonra yaxşı işlə təmin olunub. Siyahıda üçüncü və dördüncü ən arzuolunmaz yerləri tutan Təhsil və Psixologiya ixtisaslarıdır.

"Burning Glass"ın təhlilinə inansaq, təkcə sonuncu yerləri tutan bu dörd ixtisas – biznes, tibb, təhsil və psixologiya ixtisaslarına yiyələnmiş yarım milyondan çox insan öz sahəsi üzrə iş tapa bilməyib. Üstəlik, bu, hesabatda əks olunmuş 21 seçilmiş ixtisas arasında ümumi göstəricinin yarıdan çoxu – 56%-i deməkdir.

Hesabatın üzə çıxardığı maraqlı tapıntılardan biri də ümumi təsəvvürlərə rəğmən "Azad Elmlər (Liberal Arts), ümumi və humanitar fənlər" ixtisasları üzrə təhsil almış şəxslər arasında işsizlik göstəricisinin aşağı olmasıdır. “İngilis dili və ədəbiyyatı" ixtisası haqda da eyni şeyi demək olar. Öz ixtisası üzrə iş tapmayanların sayının ən az olduğu sahə isə “Xarici dillər, ədəbiyyat və linqvistika" ixtisaslarıdır.

Qərbdə "liberal arts diplomu olan barmen" klişesi mövcuddur. Ancaq belə çıxır ki, hər belə barmenə on biznes dərəcəsi olan barmen düşür, “Forbes” yazır.

XS
SM
MD
LG