Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:50

11 Sentyabr hücumları ABŞ-nin 'əbədi' savaşlarını başlatdı və bitirdi?


Dünyanı dəyişən 11 Sentyabr görüntüləri
Gözlə

No media source currently available

0:00 0:05:27 0:00

Dünyanı dəyişən 11 Sentyabr görüntüləri

Maykl Skollon

2001-ci il sentyabrın 11-də ABŞ-yə qarşı gerçəkləşdirilən terror hücumunun ardınca dövlət katibi Kolin Pauell Amerikanın bu hücumu törədənləri məsuliyyətə cəlb edəcəyinə və dünyadakı demokratik quruluşları qoruyacağına söz verdi: "Onların demokratiya ruhunu öldürməsinə heç vaxt imkan verilməyəcək. Onlar bizim cəmiyyətimizi məhv edə bilməzlər. Onlar demokratiya yoluna inamımızı məhv edə bilməzlər".

2000-ci il seçkilərində ABŞ qoşunlarının xarici ərazilərdəki müharibələrə göndərilməsinə ehtiyatla yanaşan namizəd kimi qalib gələn prezident Corc Buş, tez-tələsik, qlobal terrorçuluğa qarşı mübarizənin başlıca öncəliyi olduğunu elan etdi və bu missiyanı gerçəkləşdirməkdən ötrü beynəlxalq koalisiyanın qurulmasına başladı.

ABŞ-nin rəhbərliyi ilə Əfqanıstana təşkil edilən hücumun əsas məqsədi bu ölkədə yuvalanan və 11 sentyabr hücumlarını təşkil edən "əl-Qaidə" terrorçu şəbəkəsini cəzalandırmaq idi. Vaşinqton Əfqanıstan ərazisinə daxil olar-olmaz "əl-Qaidə"ni qorumaqda suçlanan Taliban rejimini hakimiyyətdən uzaqlaşdırdı.

Di gəl, ABŞ-nin Əfqanıstandakı bu təcrübəsi axırda uğursuzluqla sona çatdı və son nəticədə ifrat mühafizəkar Taliban qrupu yenidən hakimiyyətə qayıtdı. 20 ilə yaxın sürən savaş istər itirilən insan həyatları, istərsə xərclənən maddi vəsait baxımından nəhəng qurbanlar bahasına başa gəldi. Bu təcrübə həm də Vaşinqtondakı hər iki cəbhədən olan vətəndaş və siyasətçiləri qazanılması mümkünsüz "əbədi savaşlar"a getməklə bağlı daha ehtiyatlı olmağa vadar etdi.

"Əfqanıstanda 2 trilyon dollardan çox pul xərclənib. 20 min 744 Amerika əsgəri yaralanıb və 2 min 461 nəfər canlı qüvvə itirilib", - ABŞ prezidenti Co Bayden 2021-ci il avqustun 31-də ABŞ tarixinin ən uzun müharibəsinin rəsmən sona çatmasını elan edərkən belə demişdi.

"Əfqanıstanda qalmağa inandırıcı səbəb varmı?"

Amerika ictimaiyyətinə bu "əbədi" müharibəni uzatmaq niyyətində olmadığını izah edərkən, Bayden əfqan güvənlik qüvvələrinin təxminən 70 minlik canlı qüvvə itkisini, 46 mindən çox mülki əfqan vətəndaşının ölümünü və müttəfiq dövlətlərin 4 mindən çox ölən əsgərini və ABŞ ordusunun həyatını itirən kontraktorlarını dilə gətirməmişdi.

Noyabrın 5-də keçiriləcək prezident seçkiləri ərəfəsində ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması Bayden administrasiyası dönəmində ciddi debat mövzusuna çevrilib. Respublikaçı namizəd və keçmiş prezident Donald Tramp Bayden və vitse-prezident Kamala Harrisi "Əfqanıstandakı rüsvayçılığa" görə tənqid edir. Bu tənqidin xeyli bölümü qoşunların çıxarılmasının son günlərində baş verən xaos ətrafında cəmləşib. O zaman "İslam Dövləti-Xorasan" ekstremist terrorçu qrupun törətdiyi bombalı hücumda 13 ABŞ əsgəri və 170 dinc əfqan vətəndaşı yaşamını itirmişdi.

Ölkədən çıxmağa çalışan əfqanlar 2021-ci il avqustun 26-da, Kabil hava limanında ölümcül terror aktı baş verən gün sənədlərini xarici qüvvələrə təqdim etməyə səy göstərirlər.
Ölkədən çıxmağa çalışan əfqanlar 2021-ci il avqustun 26-da, Kabil hava limanında ölümcül terror aktı baş verən gün sənədlərini xarici qüvvələrə təqdim etməyə səy göstərirlər.

Harrisin kampaniyası da, öz növbəsində, 2020-ci ildə Talibanla imzalanan sazişdə prezident kimi Trampın rolunu önə çəkir. Qoşunların çıxarılması prosesini başlayan bu sövdələşmənin "əslində imkansız" zaman çərçivəsi qoyduğu bildirilir.

Ancaq AzadlıqRadiosuna danışan ekspertlər vurğulayıblar ki, 2009-2017-ci illərdə demokrat prezident Barak Obama administrasiyasından başlayaraq bir çox ABŞ administrasiyası terrorizmə qarşı mübarizə kimi başlayan bu müharibənin son dərəcə bahalı və potensial olaraq "əbədi" layihəyə çevrildiyini anlayıb.

"Bu, ABŞ-dən ötrü, bəlkə də, ən az önəm daşıyan yerdə aparılan son dərəcə bahalı savaş idi. Bu savaş ABŞ-nin "əl-Qaidə"ni məhv etməyə başladığı savaş idi və ABŞ bunu çox qısa zamanda gerçəkləşdirdi. Sonra [məqsəd] Talibanı Əfqanıstandan çıxarmaq idi, bunu da etdi. Ancaq bu, daha sonra daha böyük şeyə - "Əfqanıstanda necə demokratiya və işlək hökumət qurmaq və onu saxlamaq olar" layihəsinə çevrildi", - Cons Hopkins Universitetinin beynəlxalq münasibətlər və Yaxın Şərq tədqiqatları üzrə professoru Vəli Nəsrin sözləridir.

"Əfqanıstanda qalmağa inandırıcı səbəb varmı?" - Əfqanıstandakı ABŞ qoşunlarının sayını azaltmaqla çıxış strategiyasını ortaya qoyan Obama və daha sonra Trampın verdiyi sual belə idi.

"Əfqanıstandan gələn təhlükənin və ölkənin strateji dəyərinin azalmaqda olduğu ortamda ildə milyardlarla dollar və on minlərlə əsgər bahasına ABŞ əbədi müharibəyə bağlı qalmışdı", - Nəsr deyir.

Onun sözlərinə görə, ABŞ ordusunun mühafizəsi altında yaradılan iqtisadiyyat və vətəndaş cəmiyyəti Əfqanıstanın təkbaşına qoruyub saxlayacağı bir şey deyildi: "ABŞ-nin yaratdığı heç vaxt kök atmamış ağac kimi bir şey idi. Hansısa nöqtədə deyəcəksən ki, "mən daha onu sulamayacağam və onu zorla ayaqda saxlamağa çalışmaqdan əl çəkəcəyəm"".

"Bunun xoşagələn çıxış yolu yoxdur"

Nyu-York Siti Kollecinin beynəlxalq əlaqələr üzrə fəxri professoru və "Müdafiə Prioritetləri" beyin mərkəzinin böyük strategiya proqramının direktoru Racan Menon deyir ki, "ABŞ nə qədər qalsaydı da, bunun hansı yaxşı nəticəyə gətirib çıxaracağını görə bilmirəm": "Demokratik sayılmasa da, güvənilə bilən hökuməti olan, terrora platforma rolunu oynamayacaq və ABŞ ilə yaxşı münasibətləri olan sabit ölkə minimal yaxşı sonluq ola bilərdi".

"Ancaq bu məqsədi reallaşdırmağa çalışarkən, sənin etməyə çalışdığın dövlət qurmaqla məşğul olmaqdır. Hətta ABŞ kimi çox-çox güclü hərbi maşın da belə bir şeyi çəkməyə çətinlik çəkər və bunun xoşagələn çıxış yolu yoxdur", - yenə Menonun sözləridir.

Onun sözlərinə görə, Əfqanıstanda baş verən xaotik çıxışın olmaması üçün "mahiyyətcə siyasi, hərbi və mülki institutları qurmalısan. Bu olmazsa, sən çıxınca və hərbi mühafizəni götürüncə, qurumlar ovulub töküləcək. Baş verən də məhz bu idi".

ABŞ Hərbi Hava Qüvvələrinin personalı 2021-ci ilin avqustunda Əfqanıstandan təxliyə çərçivəsində sərnişinləri hərbi yük təyyarəsinə yükləyir.
ABŞ Hərbi Hava Qüvvələrinin personalı 2021-ci ilin avqustunda Əfqanıstandan təxliyə çərçivəsində sərnişinləri hərbi yük təyyarəsinə yükləyir.

Bu 20 illik kampaniya boyunca ABŞ-nin apardığı savaşlar və demokratiya qurma səyləri təkcə Əfqanıstanla məhdudlaşmayıb. Başqa savaşlar da olub. 2003-2011-ci illərdə İraqda aparılan müharibə bunların arasında ən önəmli yeri tutur. Ozamankı dövlət katibi Kolin Pauell İraqın kütləvi qırğın silahları yaratmaq yönündə gerçəkləşdirdiyi proqram üzündən, bu müharibənin qaçılmaz olduğunu iddia etmişdi. Sonradan həmin proqramın mövcud olmadığı üzə çıxmışdı.

Ölümündən az öncə - 2021-ci ildə və ABŞ-nin Əfqanıstandan çıxmasından altı ay sonra Pauell ABŞ Təhlükəsizlik Şurası qarşısındakı arqumentlərinin "böyük zəka səhvi" olduğunu söyləmişdi.

Bağdadla ABŞ hələ də münasibətlərini düzəltməyə çalışır. ABŞ 2014-cü ildə İraqa yenidən qoşun göndərib - bu dəfə "İslam Dövləti" (İD) ekstremist terrorçu qrupu ilə mübarizə üçün. "Soufan Center" beyin mərkəzinin sentyabrın 9-da verdiyi məlumatda deyilir ki, tərəflər ABŞ-nin İD-ə qarşı mübarizəyə rəhbərlik etməsindən ikitərəfli tərəfdaşlığa keçmək haqda razılaşma əldə edib.

Görəsən, ABŞ-də "əbədi savaşlar" dövrü bitibmi?

"Əfqanıstana hücumun ətrafında cərəyan edən unikal hadisələrin bir çoxunun – ABŞ ərazisinə birbaşa hücum, terrorizmlə mübarizənin ABŞ siyasətinin əsas hədəfinə çevrilməsi, dövlət quruculuğunun effektiv həll yolu sayılma ideyasının - təkrar olunmaq ehtimalı yoxdur", - Nəsr deyir.

ABŞ-də gözə çarpan əhval-ruhiyyə isə onu göstərir ki, ABŞ yenidən belə bir addım atmazdan öncə, ən azı, iki dəfə düşünəcək.

Ancaq Brukinqs İnstitutunda xarici siyasət proqramının araşdırıcısı Madiha Afzal öz yazılı cavabında bildirib ki, "Əfqanıstandan çıxışın fəlakətli sonucu ona səbəb olub ki,… Amerikada Əfqanıstanla bağlı müzakirələr sadəcə ABŞ-nin ölkədən çıxmasına fokuslanıb".

Afzalın sözlərinə görə, müharibə ilə bağlı daha geniş müzakirə tam şəkildə kölgədə qalıb: "Qorxuram ki, 20 illik müharibənin daha böyük dərsləri unudulub".

XS
SM
MD
LG