Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:08

ABŞ İranı danışıqlara çağırdı


ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price

Birləşmiş Ştatlar avqustun 5-də İranı, onun nüvə sazişi ilə bağlı danışıqları bərpa etməyə çağırıb.

Bu barədə Reüters və digər qərb agentlikləri xəbər verirlər.

“Biz İranı yaxın vaxtlarda danışıqlara dönməyə çağırırıq”, deyə Dövlət Departamentinin sözçüsü Ned Price bildirib. Ned Price qeyd edib ki, əgər İran prezidenti Rəisi sanksiyaların qaldırılmasında öz istəyinə sadiqdirsə, bunu Vyanada danışıqlar masasında həll etmk lazımdır.

İranın yeni prezidenti İbrahim Rəisi bundan əvvəl, İrana qarşı sanksiyaların diplomatik yolla aradan qaldırılmasına çalışacağını bildirib.

O, avqustun 5-də andiçmə mərasimi zamanı çıxışında bu sanksiyaları aradan qaldırmağa çağırmışdı.

“Sanksiyalar qaldırılmalıdır. Biz bu məqsədə xidmət edən istənilən diplomatik planı dəstəkləyirik”, deyə Rəisi bildirib.

Bundan əvvəl bu məsələ ilə bağlı aparılan danışıqlar nəticə verməyib.

Danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Abbas Aragçi ötən ay bildirmişdi ki, danışıqların növbəti mərhələsi Rəisinin prezident kimi fəaliyyətə başlamasından sonra baş tuta bilər.

Qeyd edək ki, Birləşmiş Ştatların keçmiş prezidenti Donald Trump 2018-ci ildə birtərəfli şəkildə İranla nüvə sazişindən çıxaraq Tehrana qarşı sanksiyaları bərpa edib.

Bu sazişdə, İranın nüvə proqramının dondurulması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların qaldırılması nəzərdə tutulurdu.

ABŞ-ın bərpa etdiyi sanksiyalar İran iqtisadiyyatına ciddi zərbə vurub.

XS
SM
MD
LG