Respublikaçı Donald Tramp ABŞ-nin 47-ci prezidenti seçilib. O, Seçicilər Kollegiyasında 277 səs yığıb. Beləliklə, ölkənin 45-ci prezidenti olmuş Tramp minimum 270 səsi təmin edərək demokratlardan rəqibi Kamala Harrisi məğlub edib.
Prezidentlik yarışını qazanan Donald Trampın yeni administrasiyasından nələri gözləmək olar? AzadlıqRadiosunun əməkdaşı Maykl Skollonun hazırladığı yazıda deyilir ki, bu sualın cavabı onu kimə verməyinizdən asılıdır. Trampın dəstəkçiləri onun həm ölkə daxilində, həm də ölkə xaricində Amerikanı "yenidən böyük" edəcəyinə (burada Trampın məşhur seçki şüarına xitab edilir) inanırlar. Ona qarşı olanlarsa Trampın ABŞ-də demokratiyaya ziyan vuracağına dair xəbərdarlıq edirlər.
İlham Əliyev Donald Trampı təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Donald Trampı ABŞ prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik edib.
O deyib ki, Azərbaycan ABŞ ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
"Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək əzmindəyik", –o əlavə edib.