Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:27

ABŞ Konqresi 2024-cü il üçün 1.6 trilyon dollarlıq hökumət büdcəsi barədə razılığa gəlib


ABŞ Konqresi 2024-cü ildə 1.6 trilyon dollarlıq hökumət büdcəsinə dair razılaşma əldə edib.

Prezident Co Baydenin Ağ Evin saytında dərc olunmuş bəyanatında deyilir ki, bu razılaşma ölkəni “şatdaun”dan, yəni federal hökumətin işinin qismən dayandırılması məcburiyyətindən xilas edəcək.

Baydenin sözlərinə görə bu saziş onun hər iki partiya ilə razılaşdırdığı maliyyələşdirmə səviyyəsini əks etdirir.

Respublikaçılar və demokratlar arasında əldə olunmuş razılaşmaya görə 2024-cü il üçün hökumət büdcəsinin yuxarı həddi 1.59 trilyon dollar olaraq müəyyən edilib.

Rekord göstəricilər

Təklif olunmuş büdcəyə habelə 886 milyard dollarlıq müdafiə və 704 milyard dollarlıq qeyri-müdafiə xərcləri daxildir. Bunlar hər iki bənd üzrə rekord göstərici sayılır.

Bu da xəbər verilir ki, büdcənin müdafiə xərclərinə aid hissəsi artıq ötən ay prezident Bayden tərəfindən qanunvericilik çərçivəsində imzalanıb.

Senatdakı demokrat çoxluğun lideri Çak Şumerin və Nümayəndələr Palatasındakı demokrat azlığın lideri Hakim Ceffrisin sözlərinə görə əldə olunmuş razılaşmada bəzi respublikaçıların istədiyi kimi büdcə ixtisarları nəzərdə tutulmayıb.

Ukraynaya yardım məsələsi nə yerdədir?

Bu həftə tətildən qayıdan Konqres dövlət borcunun həddini müzakirə etməlidir. Bu müzakirələr yanvarın 19-dan və ya fevralın 2-dən tez başa çatmalıdır.

Xəbər verilir ki, respublikaçılar 2024-cü ilin büdcə xərclərinin artıq iyun ayında razılaşdırılmış hədlərini yenidən mübahisələndirməyə çalışırlar.

Noyabr ayında Co Bayden 2024-cü ilin 19 yanvarınadək olan müddətdə hökumətin müvəqqəti maliyyələşdirilməsinə dair Konqres qanununu imzalamışdı.

Bununla belə bu qanuna Ukrayna, İsrail və Tayvana yardımlar daxil edilməyib.

Bu ehtiyaclara 106 milyard dolların xərclənəcəyi proqnozlaşdırılıb. Bunun 61 milyard dolları Ukrayna üçün nəzərədə tutulub.

Respublikaçılar isə xarici ölkələrə yardımın əvvəzində ABŞ-ın cənub sərhədlərinn möhkəmləndirilməsini tələb edirlər.

XS
SM
MD
LG