Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 05:31

WSJ: ABŞ Ukraynaya verdiyi HIMARS-ları gizli modifikasiya edibmiş


HIMARS sistemi
HIMARS sistemi

Birləşmiş Ştatlar Ukraynaya verdiyi müasir Himars raket buraxıcılarını gizlicə elə modifikasiya edib ki, bu sistemlərdən Rusiyaya uzaqmənzilli raketlər atılmasın. Bunu ABŞ rəsmiləri anonimlik şərtilə “Wall Street Journal” qəzetinə deyib.

Co Bayden (Joe Biden) administrasiyasının Moskva ilə daha geniş müharibə riskini azaltmaqdan ötrü belə bir qabaqlayıcı tədbir gördüyü bildirilir.

ATACMS raketlərini atmaq qabiliyyəti məhdudlaşdırılıb

İyundan bəri ABŞ Ukrayna qüvvələrinə 20 Yüksək Mobilli Artilleriya Raket Buraxıcı sistemləri – HIMARS göndərib. Sistemlərlə birlikdə təxminən 75 km məsafəni vura bilən raketlər də verilib. GMLRS adlı bu raketlərlə Ukrayna ərazisində Rusiyanın sursat depoları, logistika təchizatı və komandanlıq mərkəzləri vurulub.

Sistemlər elə modifikasiya olunubmuş ki, 300 km-lik məsafəni vura bilən ATACMS raketlərini ata bilməsin. Heç ABŞ Ukraynaya bu raketlərdən verməyib. Ancaq yenə də HIMARS-ları elə dəyişdirib ki, başqa mənbələrdən alacağı halda Kiyev ATACMS-dan istifadə edə bilməsin.

Proqram təminatı və mexaniki hissələr dəyişdirilib

Pentaqon Ukraynaya verilən sistemlərə konkret hansı modifikasiyaların olunduğunu detallı açıqlamayıb. Amerika hərbçiləri ancaq onu təsdiqləyiblər ki, həm proqram təminatına, həm də mexaniki hissələrə dəyişiklikdən söhbət gedir.

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı, xarici kəşfiyyat və hərbi ekspertlər dəfələrlə deyiblər ki, HIMARS sistemləri iyundan bəri döyüş əməliyyatlarına əhəmiyyətli təsir göstərib.

Ukrayna hakimiyyəti bildirir ki, müharibədə qəti dönüş üçün onlara azı 200 belə sistem gərəkdir.

Fevralın sonunda Rusiya Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Yayın sonunda Ukrayna əkshücum əməliyyatına başlayıb, Xerson, Liman şəhərlərini, onlarla yaşayış məntəqəsini işğaldan azad edib.

XS
SM
MD
LG