Gürcüstandan ayrılaraq özünü müstəqil elan etmiş Abxaziyada qız qaçırmaq adəti hələ də qalırmı? AzadlıqRadiosu-nun gürcü xidmətinin əməkdaşı Anaid Qoqoryan Suxumi şəhərinin küçələrində insanların bu haqda fikrini öyrənib.
– Abxaziyada qız qaçırmaq ənənəsi qalıbmı?
Daur Suxumskiy: Qalıb, ancaq əvvəlki qədər yox. Çünki əvvəl bu daha asan idi. Qızı qaçırıb qonşu kəndə, yaxud dağlara apardınsa, onu tapmaq çətin olurdu, çünki əlaqə vasitələri yox idi. Bu gün daha çətindir, çünki onu bir günün içində istənilən yerdən axtarıb tapa bilərlər. Ənənələr hələ qalmaqdadır. Təxminən 18 il əvvəl mən də belə bir şey eləmişəm. Ancaq məcburən eləmişəm. Belə alındı.
– Niyə?
Daur Suxumskiy: Çünki biz görüşürdük. Mən gördüm ki, onu itirməyə başlayıram. Bu baş verməsin deyə etdim. O heç bilmirdi. Mən ona patsxaya (abxazlara məxsus ənənəvi “əl damı” – tərc.) getməyi təklif etdim. Elə alındı ki, qardaşlarımla birlikdə onu apardım və evləndim. İndi 18 ildir bir yerdə yaşayırıq.
Maktina: Məni də qaçırıblar. Ancaq telefon olsaydı, bildirərdim ki, məni qaçırıblar. Bilmirdim ki, ərə gedirəm. Sadəcə tanış oldum və belə alındı ki, ərə getdim. Əgər yolda əlimdə telefon olsaydı, valideynlərimə zəng vurub deyərdim ki, deyəsən, ərə gedirəm. Ancaq deyəsən, əvvəlki kimi qız qaçırmaq adəti yoxdur.
...Bu 1998-ci ildə olub. Qızımın artıq 20 yaşı var. İkincinin 18 yaşı. Ancaq istəməzdim ki, qızımı qaçırsınlar. Heç vaxt, qoymaram.
Quram Aleksandroviç Qvazava: Son zamanlar qız qaçırılması haqda get-gedə daha az eşidirəm. Adamlar daha mədəni, daha sivilizasiyalı olmağa başlayır. Bu yaxşıdır. Oğlan öz ailəsi ilə birlikdə gəlib qızını istəyəndə xoşdur, qaçırmaqdan daha yaxşıdır. Buna doğru getmək lazımdır.
"ƏGƏR QIZ İSTƏMİRSƏ..."
Astamur: Sözün həqiqi mənasında “qaçırma” yoxdur. Abxaziyada bu anlayış çoxdan yoxdur. Mən heç bunun nə vaxt baş verdiyini xatırlamıram. Bəylə gəlin arasında qarşılıqlı razılaşma var. Qaçırma deyilən şey razılıqla baş verir. Ola bilsin ki, çox nadir hallarda valideynlərin çox da istəmədiyi, yaxud bütün valideynlərin bilmədiyi hallar olur. Bəlkə də olur. ...Məhz abxaz cəmiyyətində qız və ya oğlan qaçırma faktının özünü dəqiq 25 ildir ki, eşitməmişəm.
Valeriy Kubrava: Son zamanlar belə hadisələri nadir hallarda görürəm. Ancaq əvvəllər, yadımdadır, bir 50 il bundan əvvəl, hətta 40, 30 il əvvəl... O zaman [qız] qaçırmaq normal hal sayılırdı. Mən hesab edirəm ki, bu ədalətsizdir. Əgər qız istəmirsə, onda o bir növ qul halına düşür, dustaq olur. Çünki istəmir, ancaq o evə gəlir. Əgər qarşılıqlı razılıq varsa, bəzən valideynlərdən gizlədirlər, sonra isə deyirlər ki, mən heç nə bilmirdim, məni qaçırdılar. Hesab edirəm ki, əgər vəziyyət belədirsə, onda olar. Ancaq əgər o doğrudan istəmirsə, müqavimət göstərirsə, onu zorla oğurlayırlarsa, onda ona yazığım gəlir".
Kristina: Əgər oğlanla qız görüşürlərsə, qızın 18, 19 yaşı varsa, onda kobud desək, bu, oğurlamadır. Mənim bacımı belə qaçırdılar. İkincini də elə oğurladılar. Onlar görüşürdülər, ancaq onu qaçırdılar, evdən aparmadılar. Ancaq, məsələn, mən yolla gedim, ya da kimsə yolla getsin, onu yolda oğurlasınlar – belə şey olmayıb, mən eşitməmişəm.