Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:31

ABŞ-da abituriyentlər təhsil almağa niyə xaricə gedir


Tələbələr
Tələbələr

CNBC Beynəlxalq Təhsil İnstitutunun məlumatına istinadən yazır ki, get-gedə daha çox amerikalı abituriyent bakalavr dərəcəsini ölkə xaricində almağa çalışır. Hazırda 50 minədək amerikalı tələbə xarici ölkələrin bakalavr proqramlarında təhsil alır. Özü də onlar bu proqramlara sadəcə bir-iki semestri xaricdə keçirmək üçün deyil, tam dərəcələrini almaq üçün qoşulurlar. Onların yarıdan bir qədər azı Böyük Britaniya və Kanadada oxuyur.

«Princeton College Consulting» şirkətinin həmtəsisçisi Benjamin Caldarelli ABŞ-dan kənarda universitetlərə daxil olmaq istəyən çox sayda abituriyentə kömək etdiyini deyir. O da belə tələbələrin sayının günü-gündən artdığını söyləyir.

Məqalədə deyilir ki, tələbələrin xaricdə oxumaq istəyi təkcə başqa bir ölkəni gəzib görmək həvəsi ilə bağlı deyil. Əsas amillərdən biri təhsilin qiymətidir.

Ağır borc

Amerikada təhsilin qiyməti on illərdir artmaqdadır. Amerikalıların ən çox pul xərclədiyi şey ev və təhsildir.

«Son 10 ildə dördillik özəl universitetlərdə təhsil haqları 44%, dövlət universitetlərində isə 55% artıb. …Kollec Şurasının məlumatına görə, 2018-2019-cu tədris ilində dördillik özəl universitet proqramlarında təhsil haqqı orta hesabla 35 min 830 dollar, dövlət universitetlərində 10 min 230 dollar olub», – məqalədə deyilir. Təbii ki, bura kirayə və digər xərclər daxil deyil.

Bir çoxları üçün bu, ağır borca düşmək deməkdir. Hər 10 məzundan 7-si ali məktəbi kreditlə bitirir və hərəsinin 30 min dollaradək borcu olur. Nəticədə ABŞ-da tələbə kreditləri balansı rekord həddə – 1.6 trilyon dollara çatıb.

Müqayisə üçün qeyd edək ki, Fransa və İsveçrədə təhsil haqları çox azdır. Bu ölkələrdə məzunların çox az hissəsi universiteti kreditlə bitirir.

Almaniya və İsveç kimi ölkələrdə isə tələbələr, ümumiyyətlə, təhsil haqqı ödəmirlər. Ancaq təbii ki, Avropanın hər yerində belə deyil. Məsələn, London Universitet Kollecində oxuyan amerikalılar 34 min dollar təhsil haqqı ödəməli olurlar. Oksford Universitetində qiymətlər bundan da yüksəkdir. Məsələn, bu universitetin kompüter elmləri ixtisasında ödəniş 46 min dollar təşkil edir.

Amerikalı tələbələr qəbul olunduqları universitetdən asılı olaraq, maliyyə yardımı ala da bilərlər, almaya da. Bəzi xarici universitetlər həmin maliyyə yardımını qəbul edir, bəziləri isə etmir. ABŞ-ın Təhsil Departamenti amerikalıların federal maliyyə yardımına müraciət edə biləcəkləri xarici universitetlərin siyahısını təqdim edir.

Viza, səyahət məsələləri

Bir çox xarici ölkələrdə tələbələr təhsil vizası almalıdırlar. Viza tələbləri məkandan-məkana dəyişir. Bəzi hallarda onlar viza ala bilmək üçün təhsil haqqını ödəməyə qadir olduqlarını sübut etməlidirlər.

Xarici ölkədə oxumaq bütün bunlardan başqa əlavə xərclər də tələb edir. Tələbənin tətillərdə evə gəlib-gedəcəyini, üstəlik, ətraf ölkələri gəzib görmək istəyəcəyini nəzərə alanda ailənin əlavə xərclərinin də çıxacağını görmək olur.

Ancaq SavingForCollege saytının naşiri Mark Kantrowitz deyir ki, təhsil haqları arasındakı fərq o qədər böyükdür ki, bütün bu əlavə xərcləri nəzərə alanda belə ümumi məbləğ qənaət olunan pulla müqayisəyə belə gəlmir. Onun sözlərinə görə, üstəlik, tələbənin xaricdə oxuduğu universitet Amerikadakı universitetlərlə eyni, bəzənsə daha böyük prestijə malik olur.

Ancaq bir məsələ də var ki, xaricdəki universitetlərin hamısında ingilisdilli proqramlar olmur. Proqram ingilis dilində olanda da tələbələrin çoxu öz aralarında öz ana dillərində danışırlar.

Bundan başqa, Amerika universitetləri tələbələrə çoxlu seçim azadlığı verir. Tələbə universitetə yeni daxil olanda yekun ixtisası barədə dəqiq qərar verməyə də bilər. Təhsil aldığı müddətdə müxtəlif kurslar götürməklə bir neçə dəfə istiqamət dəyişə bilər. Avropadakı universitetlərdə isə bu imkan olmur. Məsələn, Britaniyada tələbələr, adətən, universitetə qəbul olunanda hansı ixtisaslaşmağa fokuslanacaqlarını dəqiq bilirlər.

XS
SM
MD
LG