Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:00

Səudiyyə pilotu ABŞ bazasında hərbçiləri güllələməkdə şübhəli bilinir


Floridadakı Pensakola hərbi dəniz bazası
Floridadakı Pensakola hərbi dəniz bazası

Florida ştatı rəsmilərinin dekabrın 6-da verdiyi məlumata görə buradakı hərbi dəniz bazasında baş vermiş atışmada Səudiyyə hərbi hava qüvvələrinin pilotu olan kursant şübhəli bilinir.

Florida ştatındakı Pensakola hərbi bazasında atəş açan şəxs də daxil atışmada 4 hərbçi həlak olub və daha səkkiz nəfər yaralanıb.

Bu, sözü gedən bazada bu həftə baş vermiş ikinci ölümcül atışmadır.

ABŞ prezidenti Donald Trump deyib ki, Səudiyyə kralı Salman ona zəng edərək hadisə nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.

"Kral bildirir ki, Səudiyyə xalqı atəş açanın vəhşi hərəkətindən qəzəblənib və bu şəxs heç bir vəchlə Amerika xalqını sevən Səudiyyə xalqını təmsil etmir”.

Florida ştatının qubernatoru Ron DeSantis bildirib ki, Səudiyyə vətəndaşı olan şübhəli, hərbi pilot kimi sözü gedən bazada təlim keçirdi.

Onun bu hərəkətinin motivləri barədə heç bir xəbər verilmir.

Şübhəli insident zamanı tapançadan atəş açırdı.

ABŞ mediası adının çəkilməsini istəməyən iki rəsmiyə istinadən bildirir ki, atəş açmaqda şübhəli bilinən şəxs kiçik leytenant Mohammed Saeed Alshamrani-dir.

ABŞ hərbiyyəsi noyabrın 15-də bildirmişdi ki, Səudiyyə Kral Dəniz Donanmasının 18 təyyarəçisi və iki başqa hərbçisi ABŞ hərbi dəniz donanmasında təlim keçir.

ABŞ hərbi bazalarında bundan əvvəl də kütləvi atışmalar olub.

2009-cu ildə Texasdakı Ford Hood hərbi bazasında baş vermiş kütləvi atışmada 13, 2013-cü ildə Vaşinqton dəniz donanması bazasında baş vermiş insidentdə isə 12 nəfər ölmüşdü.

Dekabrın 4-də bir dənizçi Havaydakı tarixi Perl Harbor hərbi bazasında üç nəfəri güllələyəndən sonra özünü də vurub.

Onun güllələdiyi mülkilərdən biri sağ qalıb.

XS
SM
MD
LG