Uşaqlıqdan oxumağa öyrəşdiyimiz, sevə-sevə qoxuladığımız kağız kitablar, yoxsa müasir rəqəmsal kitablar? Bu, çoxları üçün uzun və yorucu mübahisə mövzusudur. Artıq çoxdan elektron kitablara keçmiş, kağız kitablarla vidalaşmış insanlar var.
Kağıza və kitabın cildinə toxunuşun verdiyi hisslər, səhifələrin qoxusu, hətta səhifələrin bir-birinə tikilməsi və yapışdırılması ənənəvi kağız kitabları sevənlər üçün çox vacibdir. İnsanlar bütün bunlara fikir verirlər.
Elektron kitabın üstünlüyü
Ancaq rəqəmsal kitabların da fiziki aspektləri var. Onlar qoxu ilə bağlı olmasa da, rəqəmsal kitab həvəskarları bu aspektlərə çox dəyər verirlər. Məsələn, elektron kitablar müəyyən komfort mənbəyidir. Sənə lazım olan kitabı ani yükləyib oxuyursan. Son nəticədə vacib olan kitabın üz qabığı, qoxusu deyil, içində yazılanlardır.
Elektron kitablar həm də ona görə rahatdır ki, şrifti istədiyiniz ölçüyə sala bilirsiniz. Bəzən sifariş etdiyiniz ənənəvi kağız kitabın şrifti narahat olur. Çox xırda şriftlə yazılmış 700-səhifəlik qalın, ağır kitabı oxumaq heç də həmişə komfortlu olmur. Elektron kitaboxuyan (e-reader) isə yetərincə yüngül və rahatdır.
Rəqəmsal kitablara öyrəşən adamlar artıq fiziki olaraq ənənəvi kağız kitabları əllərində tutmaqdan həzz almırlar, bu onlara narahatlıq gətirir.
50 ildən artıqdır ki, həvəslə kitab oxuyan, böyük kitab kolleksiyası toplamış kanadalı Uilyam Ren «The Globe and Mail» üçün yazdığı məqalədə qeyd edir ki, son nəticədə vacib olan kitabın içindəki hekayə və bu hekayənin içində itib-batmaqdır.
Müəllif yazır ki, müəyyən vaxtdan sonra insanın əlləri yalnız elektron kitabları axtarır. Bir müddətdən sonra gözlər də onlara üstünlük verməyə başlayır. Xüsusən yaş keçdikcə, rəqəmsal kitabları oxumaq daha da rahat olur. Hərflər sizə kiçik görünəndə sadəcə bir yüngül toxunuşla onları böyüdürsünüz.
Əsas sözlərdir
Fiziki kitabların verdiyi həzz nə qədər böyük olsa da, hamımızı, əsasən, kitabın məzmunu, içindəki nəzm və nəsrin əlçatanlığı və gözəlliyi, hekayə və arqumentin dərinliyi cəlb edir. Kitab bizə nə demək istəyir, hansı mesajları çatdırır? Yazıçı necə bir sənət əsəri ortaya qoyub? Başqa sözlə, bizə cild və formadan çox sözlər maraqlıdır.
Kağız və rəqəmsal, səhifələr və ekranlar - son nəticədə bütün bunlar maddi əşyalardır. Mətni bizə çatdıran vasitələrdir. Kitab bizə hekayə və ideyaları çatdıran qapı deyilsə, bəs nədir? Kağız hər hansı bir hekayəni daha yaxşı və ya daha pis edə bilməz. Eyni şeyi rəqəmsal cihaz haqda da demək olar. Kitab da, cihaz da sadəcə formadır.
Vacib olan tək şey kitabın içindəki hekayənin özüdür.
İnsanlar rəqəmsal və fiziki kitablar arasında seçim edərkən adətən «ya, ya da» mövqeyindən çıxış edirlər. Bu, bir növ binar düşüncə tərzidir. U.Ren hesab edir ki, bu yanaşma hər zaman yanlış və mənasızdır. Çünki bu iki şeydən biri o birini rədd etmir, biri o birindən pis və ya aşağı deyil. Kitablar, sadəcə, hekayələri oxumaq və yeni ideyaları kəşf etmək üçündür.
«Günəşli bir gündə açıq havada, soyuq pivə qədəhi ilə maraqlı bir hekayə oxumaqdan gözəl nə ola bilər? Ümid edirəm, bundan sonra yenə kimsə mənə «əsl» kitabın qoxusunun gözəlliyindən danışmaz», – müəllif yazır.