Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:14

Aslan İsmayılov hakimin cəzalandırılmasını istəyir


A.İsmayılov
A.İsmayılov

Xuliqanlıqda suçlanaraq məhkum edilən hüquqşünas Aslan İsmayılova 3 ildən sonra bu ittiham üzrə bəraət verilib. Bu barədə AzadlıqRadiosuna danışan A.İsmayılov bildirib ki, Ali Məhkəmə bəraət qərarını martın 18-də çıxarsa da, bu barədə üç gün əvvəl xəbər tutub. Hüquqşünasın sözlərinə görə, Ali Məhkəmənin iclası barədə ona məlumat verilmədiyinə görə işinə baxılarkən özü iştirak etməyib.

A.İsmayılov barəsində xuliqanlıq ittihamıyla cinayət işi 2017-ci ilin oktyabrında başlanıb. Səbəb isə Binəqədi Rayon Məhkəməsində onun Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı şikayəti üzrə qərar çıxarılarkən baş verənlərdir. A.İsmayılov bildirir ki, həmin gün səhər saat 09:00-a məhkəmə təyin edilmişdi. Məhkəməyə gəlib, xeyli müddət gözləsə də, hakim Rəşad Əliyev zala gəlməyib, işə baxmayıb. Bir qədər sonra isə hakimin köməkçisi gəlib deyib ki, artıq işə baxılıb və qərar çıxarılıb - onun H.Hacıyevə qarşı iddiası icraata götürülməyib. İttihamda yazılıb ki, A.İsmayılov etiraz olaraq qapını çırpıb, məhkəmədə divarın suvağı dağılıb, 130 manat ziyan dəyib. A.İsmayılov isə bu barədə ittihamda yazılanların yalan olduğunu bildirir.

"Ona insanların taleyi həvalə olunur"

A.İsmayılov aylıq qazancından tutulmaqla, islah işləri cəzasına məhkum edilmişdi. Sonradan bu işə iki dəfə Bakı Apellyasiya Məhkəməsi, iki dəfə də Ali Məhkəmə baxıb.

Bu cinayət işində A.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də hazırda Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri olan Rəşad Əliyevdir. O, istintaqda dindirilsə də, məhkəməyə çağırılmadı. Amma məhkəmə hökmdə onun ifadəsinə istinad edib. Ali Məhkəmə isə A.İsmayılova bəraət verdiyi qərarında bildirir ki, R.Əliyevin ifadəsi mötəbər sübut kimi qəbul oluna bilməz.

"Şəxs yalnız bir şahidin digər sübutlarla ziddiyyət təşkil edən ifadəsinə əsasında cinayət məsuliyyətinə cəlb oluna bilməz", - qərarda yazılıb.

A.İsmayılov təkcə bəraət almaqla kifayətlənmək istəmir, tələb edir ki, hakim R.Əliyev də məsuliyyətə cəlb olunsun:


"Mənim xəbərim olmasa da, bu qərar martda çıxarılıb, Rəşad Əliyev isə mayın 6-da Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən çıxarılıb, Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib. Yalan danışdığı Ali Məhkəmənin qərarı səviyyəsində təsdiqlənmiş adam necə məhkəmə sədri ola bilər? Ona insanların taleyi həvalə olunur".

Hakim təyinatları prezidentin sərəncamıyla həll olunan məsələdir. Amma A.İsmayılov deyir ki, prezidentin imza atdığı bütün məsələləri araşdırmaq imkanı yoxdur. Hüquqşünas iddia edir ki, hakim təyinatları və bənzər məsələlərdə təqdimatları prezidentin köməkçisi Fuad Ələsgərov və ədliyyə naziri Fikrət Məmmədov verir.

Bəraətin səbəbi

A.İsmayılovun fikrincə, ona bəraət verilməsinin səbəbi həm də Avropa Məhkəməsində Azərbaycan əleyhinə çıxarılacaq daha bir qərarın qarşısını almaqdır. Hüquqşünasın sözlərinə görə, bundan öncə vəkillikdən uzaqlaşdırılması və parlament seçkilərində hüquqlarının pozulmasıyla əlaqədar Avropa Məhkəməsi artıq qərarlar verib. Daha üç şikayəti də Avropa Məhkəməsinin icraatındadır:


"Hafiz Hacıyev və Mürvət Həsənlinin iddiaları əsasında haqqımda çıxarılmış əsassız hökmlərlə bağlı da şikayət vermişəm. Xuliqanlıq işi üzrə Ali Məhkəmə bir dəfə qərar verib, işi yenidən apellyasiya baxışına göndərmişdi. Yenə ittiham hökmü qüvvədə qalmışdı. Gördüm ki, süründürməçilikdir, yubadılır, bu işdən də Avropa Məhkəməsinə şikayət göndərmişəm".

"Məhkəmələr və hakimlər haqqında" Qanunun 94-cü maddəsində yazılıb ki, Azərbaycan Respublikası Ali Məhkəməsi və Naxçıvan MR Ali Məhkəməsinin sədrləri istisna olmaqla, qalan məhkəmələrin sədrləri, onların müavinləri və məhkəmə kollegiyaları sədrlərinin təyinatı Məhkəmə-Hüquq Şurasının təklifi əsasında, Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun aparılır. Konstitusiyanın 109-cu maddəsi prezidentin səlahiyyətlərini ehtiva edir ki, onlardan biri də hakimlərin təyin olunmasıdır.

Məhkəmə-Hüquq Şurasına isə ədliyyə naziri Fikrət Məmmədov rəhbərlik edir.

AzadlıqRadiosu söylənən tənqidlərə Məhkəmə-Hüquq Şurasından açıqlama ala bilməyib.

XS
SM
MD
LG