Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:33

Xədicə İsmayıl da Əfqan Muxtarlı işinə görə ifadə verib


Xədicə İsmayıl baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında. 19 iyun 2017
Xədicə İsmayıl baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında. 19 iyun 2017

Araşdırmaçı jurnalist, AzadlıqRadiosu-nun əməkdaşı Xədicə İsmayıl bu gün, iyunun 19-da baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində dindirilib.

Həbsdəki jurnalist Əfqan Muxtarlının işinə şahid qismində cəlb edilən X.İsmayılın Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadəsi alınıb.

Bu haqda X. İsmayıl prokurorluqdan çıxdıqdan sonra məlumat verib.

X.İsmayıl Ə.Muxtarlıya açılan cinayət işi ilə bağlı olduğu bildirilən sualları cavablandırdığını söyləyib.

Buna da bax:​ Avropa Parlamenti Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul etdi

"Ə.Muxtarlı kimdir, haradan tanıyıram, harada ışləyib, ona maliyyə haradan gəlir kimi suallar verildi. Bundan başqa Meydan TV-nin maliyyələşməsi haqda da suallar verdilər", – X.İsmayıl bildirib.

Xədicə İsmayıl baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında. 19 iyun 2017
Xədicə İsmayıl baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında. 19 iyun 2017

O, ifadəsi haqqında başqalarına bilgi verməmək haqqında iltizama imza atmaqdan imtina edib.

Əfqan Muxtarlının işi ilə bağlı dindirilən X.İsmayılın uzun müddətdir ki, xaricə çıxışı yasaqlanıb.

Bundan əvvəl Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyası başqanı Arif Hacılı, jurnalist Sevinc Vaqifqızı Baş Prokurorluqda Əfqan Muxtarlıya açılmış cinayət işi ilə bağlı dindirilib.

Buna da bax:​ Arif Hacılı Əfqan Muxtarlının işinə görə ifadə verib (VİDEO)

Onlardan başqa Müsavat rəhbərlərindən Gülağa Aslanlı da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. G.Aslanlı iyunun 20-də ifadə verməkdən ötrü adıçəkilən idarədə olmalıdır.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Buna da bax: Z.Əsgərov: 'Qətnamə heç bir əhəmiyyət kəsb etmir'

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

XS
SM
MD
LG