Sovet qoşunlarının tərkibində həlak olan, itkin düşən və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə verilən prezident təqaüdü artırılıb.
Bununla bağlı bu gün, fevralın 21-də prezidenti İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, həmin təqaüdün aylıq məbləği artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən edilib.
Hazırda bu məbləğ 220 manatdır.
Prezidentin fevralın 21-də verdiyi sərəncamla isə Əfqanıstan Veteranları İctimai Birliyinə 1, 0 (bir) milyon manat ayrılıb.
Həmin vəsait Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi və başqa bu kimi məsələlərə sərf edilməlidir.
Xatırlatma
1979-1989-cu illər arasında SSRİ Silahlı Qüvvələri Əfqanıstanda olub. Həmin ordunun tərkibində Azərbaycandan gedən minlərlə gənc də xidmət edib.
Verilən məlumata görə, onlardan 208 nəfər döyüşlərdə həlak olub, 10-a yaxını isə itkin sayılıb. 500 nəfərə yaxının da əlil olduğu bildirilir.
SSRİ qoşunları 1989-cu il fevralın 15-də Əfqanıstandan tam çıxarılıb.