İyunun 29-u gecədən iyulun 1-i səhərə kimi əsən külək nəticəsində Bakının ayrı-ayrı rayonlarında 15-dən çox ağac sınıb, çoxsaylı ağac əyilmələri onları qəzalı vəziyyətə salıb. Bunu Bakı Şəhər Bitkiləri Mühafizə İdarəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, bəhs edilən müddətdə Bakıda ağac aşması nəticəsində iki maşın əzilib.
“Bütün ağaclar yollardan götürülüb, qəzalı vəziyyətə düşmüş ağacların düzəldilməsi üçün işlər gedir”, - idarə rəisi bildirib.
O.Məmmədov deyib ki, ağac sınmaları daha çox Bakının Binəqədi, Nəsimi və Nərimanov rayonlarında qeydə alınıb.
İyunun 29-u gecədən Bakıda güclü şimal-qərb küləyi əsməyə başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazriliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, küləkli hava iyulun1-i günorta saatlarınadək davam edəcək.
Xəzərdə 4.5 metr hndürlüyündə dalğalar qeydə alınıb, ölkənin bəzi dağlıq rayonlarına dolu düşüb.
Xəzərdə dalğanın hündürlüyü 5,8 metrə çatıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 30- gündüzdən, iyulun 1-i səhərə kimi ölkə ərazisindəki faktiki hava barədə açıqlama yayıb.
Bu müddətdə ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam etdiyi, şimşək çaxdığı, arabir yağış yağdığı, bəzi yerlərdə leysan xarakterli olduğu deyilir.
Ən çox yağış Xaltan, Qrız, İsmayıllı, Göyçay, Qəbələ, Şamaxı, Xaçmaz, Astara, Altıağac, Daşkəsən, Qusar, Sarıbaş, Lerik, Ağsu, Yevlax Şəki, Lənkərana yağıb.
Departament iyunun 30-u axşam saatlarında Daşkəsənə diametri 12 mm olan dolu düşdüyünü bildirir.
Qərb küləyinin Naftalanda 32 m/s, Mingəçevir, Gəncə, Ağstafa, Şahbuzda 20 m/s, Salyan, Ağdamda 18 m/s, Zərdabda 17 m/s, Neftçalada 15 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 18-23 m/s, arabir 25-30 m/s-dək gücləndiyi qeyd olunur.
Neft Daşları stansiyasının məlumatına əsasən Xəzərdə dalğanın hündürlüyü 5,8 metrə çatıb.
Dolu düşən rayonlardan biri də Qusardır. Qusar Rayon İcra hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fəramərzov bildirib ki, dolu meyvəçiliyə və bəzi dağlıq kəndlərdə taxıl zəmilərinə ziyan vura bilər. O, hələlik rayon sakinlərinin təsərrüfatlarına dəymiş ziyan barədə məlumatsız olduqlarını deyib.