Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:42

Yeni əkilmiş ağacların yerində bina tikirlər


Yeni Günəşli, A-B yaşayış massivi, Abbas Fətullayev küçəsi, 131-də ağac kəsimi.
Yeni Günəşli, A-B yaşayış massivi, Abbas Fətullayev küçəsi, 131-də ağac kəsimi.

«Ağacları qırdılar, tökülüşüb qarşısını aldıq, ağac kəsənləri tutub polisə təhvil verdik, sonradan bizə məlumat verildi ki, ağaclar qanunsuz kəsilib, ağacı kəsən 2 min 200 manat cərimələnib. Hətta icra hakimiyyəti özünə əl qatdı ki, guya məsələdən xəbərsiz olub. Üstəlik, öz işçilərindən də göndərdi, sakinlərlə icra hakimiyyətinin işçiləri ərazidə yeni ağaclar əkdilər. Telekanalları çağırıb ağac əkilməsi prosesini çəkdirdilər. Bir müddət sakitlik oldu, Bir gün ağır texnikalar həyətə doluşdu, ərazini hasara alıb yeni əkilmiş ağacları qoparıb atdılar. İndi də hündürmərtəbəli bina tikilir».

Bunu AzadlıqRadiosuna Suraxanı rayonu, Yeni Günəşli, A-B yaşayış massivi, Abbas Fətullayev küçəsi, 131-də yaşayan İlqar Məmmədov deyir.

«ÜÇ AĞAC KƏSƏN ÜÇ NƏFƏRİ YETİMDİR DEYƏ, DAMA BASIRLAR»

Bir il əvvəl bina tikən şirkətlərdən biri ərazidəki binaların qarşısındakı parkın ağaclarını kəsib. Sakinlər ağacları qoruya bilməsələr də, ərazidə tikinti aparılmasını əngəlləyə biliblər. Onlar ağac kəsənləri qovduqdan sonra prezidentə və başqa qurumlara müraciətlər edib, yerli icra hakimiyyəti də sakinlərə məktub yollayıb ki, narahatçılığa əsas yoxdur, ərazidə heç bir tikinti aparılmayacaq.

***Buna da bax-Bərdəlilər: 'Ağacları kökündən çıxaranlar deyirlər icazəni şifahi şəkildə alıblar'

Elə həmin vaxt Suraxanı Rayon İcra Hakimiyyətinin işçiləri ilə sakinlər ərazidə yeni ağaclar əkiblər. O zaman sakinlərin ağlına da gəlməyib ki, bütün bunlar sadəcə görüntüdür. O hadisələrin üstündən bir il keçib və hazırda park hasarlanaraq yeni əkilmiş ağaclar qoparılıb, ərazidə hündürmərtəbəli bina tikilir.

Sakin Əhməd Şəfiyev:

«Ölkənin rəsmi qurumu vətəndaşı aldadır ki, burda heç bir tikinti aparılmayacaq, ağacları kəsənlər də cərimələnib. Əhaliyə deyir, «narahat olma, get evində rahat yat, park yerində qalacaq». İndi də yarasa kimi başlayıblar gecələr işləməyə, hasar çəkib əkdiyimiz ağacları qoparıblar, tikinti aparırlar. Bundan sonra bu əhali bu hökumətə necə inansın? Axı biz prezidentə müraciət etmişdik ki, nəzarətə götürsün, yaşıllığın məhv olmasına imkan verməsin. Prezident də bizə cavab göndərmişdi ki, parkın ərazisində yaşıllıqların məhv edilməsi, tikinti aparılması yolverilməzdir. Bəs bir ildən sonra niyə həmin işbazlara təzədən yol açdılar? O işbazlar bu cəsarəti haradan alırlar? Üç ağac kəsən üç nəfəri yetimdir deyə, dama basırlar, bu boyda parkın altını üstünə çevirənə «gözün üstə qaşın var» deyən yoxdur».

Yeni Günəşli, A-B yaşayış massivi, Abbas Fətullayev küçəsi, 131. İş adamının kəsdiyi ağacların yerində yeniləri əkilir.
Yeni Günəşli, A-B yaşayış massivi, Abbas Fətullayev küçəsi, 131. İş adamının kəsdiyi ağacların yerində yeniləri əkilir.

«ZİBİLLİK GÖRÜNTÜSÜ YARADILIR»

Sakinlərin deməsinə görə, parkın yuxarı tərəfində bu ərazini su ilə təmin edən anbar da satılıb. Anbarın qarşısı tikinti tullantıları ilə doldurulur ki, zibillik görüntüsü yaransın, sonra da baxımsız ərazi kimi «abadlaşdırma» adı altında tikinti aparılsın.

Eyni küçənin yuxarı hissəsində bina ucaldılıb. Sakinlərin etirazları ağac kəsiminin qarşısını ala bilməyib. Onların AzadlıqRadiosuna deməsinə görə, hazırda binaya yaxın ərazilərdəki daha bir neçə yaşıllıq da hasara alınıb və ağacların kəsilməsi an söhbətidir.

***Buna da bax-Sakinlər: 'Betonqarışdıran və pompaların səsindən yata bilmirik'

Sakinlər iddia edirlər ki, təhlükə hələ də qalmaqdadır:

«Parkın bir az yuxarısında bu ərazini suyla təmin edən anbar var. Məlumat var ki, bu anbarı da satıblar. Anbarın önü artıq tikinti tullantıları ilə doldurulur ki, zibillik statusu alınsın. Guya baxımsız, zibillərlə dolu bir yerdir və bu şəxslər buranı alıb, abadlaşdıracaqlar. Artıq plan bu istiqamət üzrə gedir».

İCRA HAKİMİYYƏTİ SUSUR

Suraxanı Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, məsələ araşdırılacaq və qısa müddətdə radioya məlumat veriləcək. Üç gün keçməsinə və iş günləri olmasına baxmayaraq, qurumdan AzadlıqRadiosunun zənglərinə cavab verilmir.

Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti də «Qaynar xətt»ə ərazidə araşdırma aparacağına söz verib. Bu qurumun bir il öncə «Qaynar xətt»in sorğusuna verdiyi cavabda qeyd olunur:

«... Sakinlərin şikayəti əsasında ərazidə araşdırma aparılıb, akt və protokol tərtib olunub. Departament Bakı Şəhər İcra Hakimiyyətinə və Suraxanı Rayon İcra Hakimiyyətinə qeyd olunan ərazinin abadlaşdırılaraq yaşıllaşdırılması, mövcud yaşıllıqların mühafizəsinin təmin edilməsi məqsədilə müraciət edib. Ərazi Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülərək yeni ağaclar əkilib və abadlaşdırılması nəzərdə tutulub».

XS
SM
MD
LG