Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:38

'Döydülər, ayağımı sındırdılar, sonra da şöbəyə apardılar'


Teymur Hacalıyev
Teymur Hacalıyev

«Məni o ki var döydülər, ayağımı sındırdılar, sonra da post-patrul maşınına basıb polis şöbəsinə apardılar».

Bakı şəhər sakini Teymur Hacalıyev AzadlıqRadiosuna Ağsu polis şöbəsinin polis əməkdaşları tərəfindən döyüldüyünü, ayağının sındırıldığını deyir.

QARĞALARI HÜRKÜTMƏK İSTƏYİB

T.Hacalıyev onkoloji xəstədir, ikinci qrup əlildir. 3 gün öncə Travmatologiya Xəstəxanasında sol ayağından əməliyyat olunub, hazırda xəstəxanada stasionar müalicəni davam etdirir.

Müsahibim əslən Ağsudandır və həmin rayonun Qasımbəyli kəndində pay torpağı var. Hər əkin mövsümündə olduğu kimi, bu ilin noyabrında da kəndə əkin işləri görməyə gedib. Ancaq geriyə – Bakıya ayağı sındırılmış qayıdıb. Özü də evinə yox, birbaşa xəstəxanaya... Başına gələnlərdən danışır:

«Dekabrın 18-də pay torpağımda buğda səpmişəm. Sabahı gün gördüm qarğalar sahəyə dolaşıb. Atamdan qalma köhnə tüfəng var. Qərara gəldim ki, qarğaları qorxudum, uçurdum. Götürüb getdim sahəyə, havaya bir-iki atəş açdım, qarğalar burdan uçdu, getdi sahənin o biri başına qondu. Sahənin o başına getmək istəyəndə post-patrul maşını ilə qarşılaşdım. İçərisindən düşən polislər mənə «dayan» əmri verdilər».

«SANKİ TERRORÇU YAXALADILAR»

Polislər T.Hacalıyevdən tüfəngin sənədi ilə maraqlanıblar. O da köhnə ov silahının dədə-babadan qaldığını və sənədsiz olduğunu deyib. Həngamə bundan sonra başlayıb:

«Dedikləri kimi, tüfəngi boşaltdım, patronları da, silahı da onlara verdim. Dedilər, «özün də bizimlə şöbəyə gəlməlisən». Mən də etiraz etmədim. Ancaq özləri də görürdülər ki, ortalığa çıxası durumda deyiləm. Ayağımda palçıqlı uzunboğaz, rezin çəkmə, əyin-başım da palçıqlı... Dedim, «imkan verin, üst-başımı dəyişim, gedək». Elə bunu demişdim ki, üstümə cumdular, sanki terrorçu yaxalayıblar. Hərəsi bir tərəfdən dartışdırıb yerə yıxdılar. Təpikləməyə başladılar. Sol ayağıma dəyən zərbələrdən ağlım başımdan çıxdı. Ayağımı diz qapağından sındırmışdılar. Məni palçığın içində sürüyə-sürüyə maşınlarına tərəf apardılar. Belə vəhşiliyi kinolarda görmək olardı».

T.Hacalıyev ayağındakı şiddətli ağrılara görə xəstəxanaya aparılmasını xahiş etsə də, məhəl qoymayıblar. Birbaşa Ağsu rayon polis şöbəsinə gətiriblər. Oradan durumunun ağırlığını görüb Ağsu xəstəxanasına götürüblər:

«Rentgen elədilər, məlum oldu ki, sol ayağımı üç yerdən qırıblar. Bir həftə orda qaldım, gördülər, yaralarım ağırlaşır, Bakıya – Travmatologiya Xəstəxanasına göndərdilər. 3 gündür ki, ayağım əməliyyat olunub, hazırda burda müalicəm davam edir».

«POLİS CƏZALANDIRILMAYINCA ÖLMƏYƏCƏM»

T.Hacalıyev başına gələnlərlə bağlı əvvəl DİN-in 102 xidmətinə, daha sonra Ağsu rayon Prokurorluğuna müraciət edib. O, polislərin cəzalandırılmasını tələb edir: «Demirlər ki, ov silahına sənəd yoxdur, cinayətdir? A kişi, cinayətdir, cəzası nədir, kəs. Daha məni döyüb öldürmək nədir? O polislərin vəhşiliyi dədəmdən qalma tüfəngin sənədsizliyindən daha ciddi cinayət oldu. Onsuz da onkoloji xəstəyəm, əliləm, canımı zorla daşıyıram. Məni bu duruma salanların cəzalandırılmasına nail olmayanadək ölməyəcəm».

Rayon prokurorluğundan AzadlıqRadiosuna bildirilib ki, Teymur Hacalıyevin ərizəsi əsasında izahatı alınıb. Şikayət ərizəsi üzrə araşdırma davam edir. Prokurorluqdan əlavə bilgi verilməyib.

Ağsu rayon polis şöbəsindən isə bildirilib ki, Teymur Hacalıyevdən qanunsuz ov tüfəngi aşkarlanarkən qaçmaq istəyəndə yıxılaraq xəsarət alıb. Şöbədən bütün ittihamları yalanlayıblar.

XS
SM
MD
LG