Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:10

AHİM Rafiq Tağı ilə bağlı hökuməti cərimələdi


R.Tağı
R.Tağı

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dekabrın 5-də mərhum yazar Rafiq Tağı və jurnalist Samir Hüseynovun (Sədaqətoğlu) şikayəti əsasında qərarını açıqlayıb.

Şikayət 2006-cı ildə «Sənət» qəzetində dərc olunan «Avropa və biz» məqaləsi ilə bağlı onların üzləşdiyi ittihamlarla bağlı verilib. R.Tağının sözügedən məqaləsində islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi fikirlər yer alıb.

Müəllif R.Tağı və qəzetin redaktoru S.Sədaqətoğlu həmin məqalənin dərcindən sonra Məhəmməd peyğəmbəri təhqir etməkdə günahlandırılıb. İranda isə dindarların R.Tağı ilə bağlı ölüm hökmü fətvası verdiyi iddiası yayılıb.

Azərbaycanda bir sıra inanclı insanlar onları məhkəməyə verib. R.Tağı və S.Sədaqətoğlu 2006-cı ilin oktyabrında həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 283-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması ) maddəsinin tələblərini pozmaqda təqsirli biliniblər. R.Tağı 3 il, S. Sədaqətoğlu 4 il müddətinə azadlıqdan məhrum edilib, 2007-ci ilin sonunda isə əfv sərəncamı ilə azadlığa çıxıblar.

AİHM bu məsələdə İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulduğunu bildirib. AİHM-ə şikayətdə dövlətin hər iki məhkumun etiqad və ifadə azadlığına qarışdığı iddia edilirdi.

Məhkəmə Azərbaycan hökumətinin üzərinə R.Tağının ailəsinə və S.Sədaqətoğluna ayrı-ayrılıqda 12 min 850 avro həcmində təzminat ödəmək öhdəliyi qoyub. Bu məbləğlərə hüquqşünas xidmətləri də daxil edilib.

Hələlik, bu qərara Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

R.Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı bıçaq zərbələri alıb, dörd gün sonra isə xəstəxanada vəfat edib.

Bu cinayətin üstü isə hələ də açılmayıb.

XS
SM
MD
LG