Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, yanvarın 10-da araşdırmaçı-jurnalist Xədicə İsmayılın işi üzrə qərarını elan edib. Bu barədə onun vəkili Fariz Namazlı bildirib.
Vəkil vurğulayıb ki, bu iş X.İsmayılın videogörüntülərinin yayılması nəticəsində Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlıdır.
«Məhkəmə yerli qurumların pozitiv öhdəliklərini yerinə yetirməməsinə görə Avropa Konvensiyasının 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (ifadə azadlığı) maddələrinin pozuntusunu tanıdı. 6-cı maddə (ədalətli məhkəmə araşdırması hüququ) üzrə şikayəti araşdırmağa ehtiyac görmədi. Mənəvi zərərə görə 15000 avro, məhkəmə xərclərinə görə 1750 avro müəyyən etdi», - deyə vəkil vurğulayıb.
X.İsmayıl 2005-ci ildən bəri araşdırma jurnalistikası ilə məşğul olur və xüsusən də AzadlıqRadiosuna hazırladığı materiallarda bir sıra məmurların fəaliyyətinə toxunub. O, 2010 və 2012-ci illərdə Azərbaycan prezidenti və ailəsi haqqında materiallar hazırlayıb.
X.İsmayıl 2012-ci ildə şəxsi həyatına aid video ilə şantaj edildiyini bildirib. Şikayətdə qeyd olunur ki, ona göndərilən məktubda fəaliyyətini dayandırması tələb edilib.
2013-cü ildə daha iki şantaj videosu internetə qoyulub. Şikayətə görə, bunun ardınca hökumətə yaxın olan üç qəzet X.İsmayılı qeyri-peşəkarlıqda, hökumətə qarşı qərəzdə və əxlaqsızlıqda ittiham edən yazılar dərc edib.
X.İsmayıl mənzilində ondan xəbərsiz quraşdırılmış çox sayda kamera, çəkilişi ötürən transmitterlər və ikinci telefon xəttini aşkar edib.
Prokurorluq orqanları bununla əlaqədar xanım İsmayılın ərizəsi ilə bağlı cinayət təhqiqatına başlayıb.
Jurnalistin təhqiqatın səmərəsiz aparılması barədə şikayətinə cavab olaraq prokurorluq bildirib ki, iş üzrə X.İsmayılın dostları, həmkarları və ailə üzvləri də daxil bir sıra şahidlərdən ifadələr alınıb. Bunun ardınca X.İsmayıl prokurorluğu ona, həmkarlarına və dostlarına aid şəxsi məlumatları açıqlamaqda günahlandırıb. Jurnalistin bu şikayətinin də, sonrakı müraciətlərinin də nəticəsiz qaldığı bildirilir.
Bundan sonra, 2013-2014-cü illərdə xanım İsmayıl prokurorluq orqanlarının təhqiqatı uzatmasına dair ölkə məhkəmələrinə bir neçə dəfə uğursuz nəticələnən şikayətlər verib.
Avropa Şurası mətbuat xidmətinin məlumatında xatırladılır ki, X.İsmayıl AİHM-ə 2014-cü ildə həbsinin qanunsuzluğu ilə bağlı ayrıca ərizə ilə müraciət edib.
AİHM-in bu qərarına, hələlik, Azərbaycanın uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. O, Cinayət Məcəlləsinin (CM) 179.3.2 (külli miqdarda mənimsəmə və israf etmə), 192 (qanunsuz sahibkarlıq), 213.1(vergidən yayınma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib.
X.İsmayıl Ali Məhkəmənin qərarıyla 2016-cı il mayın 26-da buraxılıb. Ali Məhkəmə Jurnalistə CM-nin 179 və 308-ci maddələriylə bəraət verilib. Qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları üzrə 3 il 6 ay şərti cəza təyin edilib.