Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 00:08

AİHM Laçın yolunun açılmasına dair qərarını bir daha təsdiq edib


Laçın yolundakı sərhəd postu
Laçın yolundakı sərhəd postu

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanı yenidən Laçın dəhlizi ilə ağır xəstələrin və Ermənistanda müalicəyə ehtiyacı olanların, habelə yolda imkansız və yaşamaq üçün vasitəsi olmadan qalan şəxslərin keçməsi üçün zəruri və kafi tədbirlərin görülməsinə təhkim edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan baş nazirinin ofisinə istinadla xəbər verir ki, beləliklə də AİHM Ermənistanın vəsatəti ilə Laçın dəhlizinin blokdan çıxarılmasına dair 21 dekabr 2022-ci ildə çıxardığı keçid tədbirləri hökmünü bir daha təsdiq edib.

Bu da bildirilir ki, məhkəmənin qərarı Azərbaycan tərəfindən icbari qaydada yerinə yetirilməlidir.

Azatutyun yazır ki, 2022-ci ilin 12 dekabrından Azərbaycan ətraf mühitin mühafizəsi adı ilə Qarabağı Ermənistanla birləşdirən yeganə yolu bağlayıb.

Bundan bir neçə gün sonra Ermənistan Azərbaycana qarşı Laçın dəhlizinin açılması məqsədilə keçid tədbirinin görülməsi üçün AİHM-ə müraciət edib.

Qarşılıqlı ittihamlar

Öz növbəsində Azərbaycan da AİHM-ə müraciət edərək rəsmi Yerevanı Laçın rayonundakı azərbaycanlıların əmlakının qarət edilməsində ittiham edib.

Azatutyun yazır ki, Azərbaycan aprelin 23-də Qarabağı Ermənistanla birləşdirən və Rusiya sülhməramlılarının məsuliyyəti zonasında olan yoldakı Həkəri körpüsünü bağlayıb.

Xəbərdə deyilir ki, Qarabağla Ermənistan arasındakı əlaqə artıq 7 aydan çoxdur kəsilib və humanitar yüklər Qarabağa çatmır.

Rəsmi Yerevan bildirir ki, Qarabağ əhalisi hazırda “real ölüm təhlükəsi” qarşısındadır, belə ki, son həftələrdə Qarabağa bütün yüklərin daşınması dayandırılıb.

Azərbaycan tərəfinin mövqeyi

Ermənistan ötən ilin dekabrından yolun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edərək, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Laçın-Xankəndi yolundakı etiraz aksiyasının aprelin 28-də müvəqqəti dayandırılacağı açıqlanıb. Aksiyada iştirak edənlər tələblərinin qismən təmin olunduğunu deyiblər. Bundan öncə – aprelin 23-də isə Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım "Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması" ilə izah edilib.

Ermənistan bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG