Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:00

Ailəsi əsgərin öldürüldüyünü deyir, rəsmilər çayda batdığını


F.Yarəliyev
F.Yarəliyev

Baş Prokurorluq Qubanın Uçqun kənd sakini, Zaqatalada sərhəd qoşunlarında hərbi xidmət etmiş əsgər Fərdi Yarəliyevin çayda batması haqda məlumat yayıb. Amma onun yaxınları rəsmi məlumatı təkzib edir, əsgərin öldürüldüyünü bildirirlər.

Onun dayısı oğlu Mübariz Yarəliyev AzadlıqRadiosuna deyir ki, iyulun 8-də F.Yarəliyev evə zəng edib, yaxşı olduğunu söyləyib, bir az pul göndərilməsini istəyib: ""Məndən narahat olmayın" deyib, qardaşına, bacısına, atasına, anasına zəng edib. Bir neçə saatdan sonra Uçqun kənd icra nümayəndəsindən ailəsinə xəbər verilib ki, oğlunuz çayda çimərkən boğulub".

Onun sözlərinə görə, meyitin başında yara yeri görüblər: "Meyitin üzünü açanda başında yara gördük. 10 santimetr yarılmış vəziyyətdə idi. Bunu vurub atıblar çaya. Alazan çayı sakit bir çaydır, orada çaya düşəsi və ya başı dəyəsi bir yer yoxdur".

M.Yarəliyev deyir ki, dəfnə dörd nəfər hərçi gəlib və onlar da dolaşıq danışıblar: "Əvvəl deyiblər ki, Xudatdan gəliblər, heç nə bilmirlər. Sonra deyiblər ki, Bakıdandırlar. Axırda məlum olub ki, F.Yərəliyevin xidmət etdiyi hərbi hissənin əməkdaşlarıdır. Yalan məlumat veriblər ki, Fərdi çayda boğulub. Bildiyimiz budur. Yaranı özüm görmüşəm, şəkillər də var".

Əsgəri iyulun 9-da dəfn edilib.

Baş Prokurorluq: "Xəsarət izləri aşkar edilməmişdir"

İyulun 10-da Baş Prokurorluğun yaydığı məlumata görə, əsgər F.Yarəliyev hərbi xidmətdə olarkən Alazan çayında suda bataraq ölüb. Eyni zamanda, əsgərin meyiti üzərində zorakılıq əlamətlərinin aşkar olunması barədə yayılan məlumatlar təkzib edilib: "Mərhum Fərdi Yarəliyevin meyitinin xarici və daxili müayinəsi zamanı bədən səthində hər-hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir".

Məlumatda deyilir ki, Zaqatala Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib.

Zaqatala Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluğa səhlənkar yanaşma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıldığı bildirilir.

Baş Prokurorluq KİV-ləri həqiqətəuyğun olmayan məlumatların və dəqiqləşdirilməmiş informasiyaların yayılmaması barədə xəbərdar edib.

XS
SM
MD
LG