Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:30

Akira Kurosavanın 10 film tövsiyəsi


Akira Kurosava
Akira Kurosava

Akira Kurosavanın filmləri hekayə və personaj ətrafında meditasiyadır. Bu filmlərin kadrları da həddindən artıq gözəl olur.

Görkəmli yapon kinorejissoru və ssenaristi Akira Kurosava 50 illik karyerası ərzində 30 film çəkib. O, kino tarixinin ən mühüm və nüfuzlu rejissorlarından biri sayılır. Kurosavanın davamçıları hər yerdədir. Hər bir müasir rejissor onun filmlərindən və yanaşmasından nəsə öyrənib.

İlə bir film

Kurosava 1950-ci illərdə və 1960-cı illərin əvvəllərində orta hesabla hər il bir yeni film çəkib. Bura "Yaşamaq" (1952), "Yeddi Samuray" (1954) və "Cangüdən" (1961) filmləri də daxildir.

"No Film School" saytı yazır ki, bu filmlərdən ən yaxşısını seçmək mümkün deyil. Ancaq onların hamısında hər səviyyədə rejissorlar üçün qiymətli dərslər var.

Sayt Akira Kurosavanın rejissor və ssenaristlər üçün 10 tövsiyəsini dərc edib:

1. Ssenaristlər üçün ən vacib məsələ darıxdırıcı yazı işinə dözməkdir. Yazmaq bir az darıxdırıcı ola bilir. Ancaq sözləri ürəyinizdən qoparıb kağıza köçürmək… vacibdir. Biz çox zaman özümüzü iş sürətimizə görə mühakimə edirik. Ancaq son nəticədə həqiqətən vacib olan işin nə qədər yaxşı görülməsidir.

2. Çəkəcəyiniz filmi seçmək toxum səpmək kimidir. Zaman və sosial vəziyyətdən asılı olaraq, bəzi toxumlar qəflətən cücərir. Siz onları məcbur edə bilməzsiniz. Heç bir layihəni zorla itələməyin. Səbirli olmağa və ağılla seçim etməyə açıq olun. Sadəcə tez başa gəlsin deyə, pis film çəkmək kino sahəsində olmaq üçün yaxşı səbəb deyil və siz çox tezliklə bu sahəni tərk etməli olacaqsınız. Sizin üçün əhəmiyyətli olan layihələri bəsləyin.

3. Film çəkmək çox baha başa gəlir. Ancaq ssenari yazmaq üçün sizə lazım olan tək şey qələm və kağızdır. Bu mənim film çəkmək istəyənlərə ən çox demək istədiyim şeydir. Siz peşəkarcasına yazmalı deyilsiniz. Ancaq ən azı qələminizi kağız üzərində sınamalısınız… Alınmasa da, onsuz da pulsuzdur!

4. Mövzu təkbaşına bütün həssas insani hissləri izah edə bilməz. Buna görə də filmi çəkməzdən öncə onun məqsəd və ya mesajını açıqlamaq işin ziyanına olacaq. Mövzu yolüstü tapılmalı olan həssas məqamlardan biridir. Onu ssenaridə tapmağa çalışın…

5. Dağa dırmaşanda sizə deyilən ilk şey zirvəyə baxmamaqdır. Yazmaq da belədir – aşağıdan başlayın və bir ayağınızı o birinin qarşısına qoyun. Hər kəs tamamilə boş ilk səhifədən başlayır. Bu məsələdə ən böyük ssenaristlərin də üstünlüyü yoxdur. 100-cü səhifəyə baxmayın, birinci səhifəyə baxın.

6. Detallara diqqət edin. Auditoriya hər şeyi görməyə bilər, ancaq onlar bunu hiss edirlər. Hər zaman hər səhnəyə nələri qat-qat yerləşdirə biləcəyinizi düşünün. Mövzu və hekayəni qabardan fona, dialoqa, personaja hansı detalları əlavə edə bilərsiniz? Auditoriya hiss etməlidir ki, onların yaşadığı təcrübə sizin nəzarətinizdədir. Auditoriyaya bunu çox açıq göstərmədən necə hiss etdirə bilərsiniz?

7. Yaratmaq yaddaşdan gəlir. Nəyisə heç nədən yarada bilməzsiniz. Yaşadığınız və ya haqqında oxuduğunuz şeylərdən xatirələr formalaşdırın. Sizin işlərinizdə daim sizin iziniz olacaq. Görüntüləriniz və sözləriniz insani təcrübənizin bir hissəsidir. Sizin hansı parçalarınızın ekranda olduğunu anlamağa çalışın. Hekayədəki qəhrəmanlarla sizin aranızdakı əlaqəni anlamağa çalışın.

8. Həmişə insanlara sizi xatırladacaq növbəti layihəniz haqda düşünün. Daim ac olun. Bu işin enişləri və yoxuşları var. Ancaq növbəti işinizin daha yaxşı olması üçün çalışın. Qoy növbəti işiniz sizin rejissor kimi məqsədinizi əks etdirsin. Hər layihə üzərində çox çalışın. Ancaq hər növbəti layihə üzərində daha çox çalışın.

9. Yazanda sonadək yazın. Bir dəfə yarıyolda dayansanız, yarıyolda dayanmaq vərdişə çevriləcək. Sonunu bilmədiyiniz şeyi yazmayın, çünki yolda aza bilərsiniz. Ancaq sonluğu görürsünüzsə, dayanmayın. Hekayəni yenidən yazmaq və yenidən işləmək daha asandır.

10. Qəhrəmanları, ssenari və dialoqları real həyatdan götürün. Hər yerə bloknotla gedin. Adları, dialoqlardan parçaları, ideyaları, insanları, onların hərəkətlərini qeyd edin. Gördüklərinizdən bacardığınız qədər çox şey götürün. O zaman qəhrəmanlarınız təbii görünəcək, davranışları bizim üçün anlaşıqlı olacaq, özünüz də istənilən hekayəni reallıqla əsaslandıra biləcəksiniz.

XS
SM
MD
LG