İcra hakimiyyətləri təkzib edirlər
Ağsu rayonunda yerli sakinlər tərəfindən etiraz aksiyası keçirilməyib. Bu barədə APA-ya rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov bildirib.
Onun sözlərinə görə, rayonun bir qrup sakini qiymət artımı, əsasən də unun qiymətinin artırılması ilə bağlı İcra Hakimiyyətinə gəlib.
Sakinlər Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tərəfindən qəbul olunub. İH başçısı sakinləri dinləyib, onlara bildirib ki, süni qiymət artımının qarşısı alınacaq. Sahibkarlarla bununla bağlı görüş keçirilib.
Məlumata görə, son günlər rayonda unun qiymətində artım olsa da, hazırda 50 kiloqramlıq un kisələri 27 manat 50 qəpiyə satılır.
“Füzulidə baş verən etiraz aksiyasına səbəb qiymət artımıdır”. Bunu APA-ya açıqlamasında Füzuli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov deyib.
B. Aslanov qeyd edib ki, rayon icra hakimiyyəti rəhbərliyinin sakinlərlə apardığı danışıq nəticəsində etirazçılar dağılışıb: "Saxlanılan və xəsarət alan olmayıb”.
Siyəzəndə də sabitlik təmin olunub. Bunu APA-ya açıqlamasında Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev bildirib.
O qeyd edib ki, rayonda keçirilən aksiyada ölən və yaralananların olması barədə yayılan informasiyalar həqiqətə uyğun deyil: “Bu barədə yayılan məlumatlar yalandır. Hazırda rayonda sakitlik bərpa olunub, hər şey nəzarət altındadır”.
Məktəbli gözyaşardıcı qazdan zəhərlənib
Yanvarın 13-də Siyəzən rayon xəstəxanasına gözyaşardıcı qazdan zəhərlənən 13 yaşlı məktəbli gətirilib.
Bu haqda AzadlıqRadiosuna Siyəzən rayon xəstəxanasının həkimi İdris Mehdili məlumat verib. Məktəbli xəstəxanaya öskürək və boğulma diaqnozu ilə yerləşdirilib.
Yanvarın 12-də Siyəzəndə sosial tələblərlə başlayan etiraz aksiyası zamanı polislə aksiyaçılar arasında toqquşma olub.
Ötən axşam polis aksiya iştirakçılarının həbsinə başlayıb.
Yanvarın 13-də səhər yerli sakinlər icra hakimiyyətinin qarşısına toplaşaraq saxlanılanların azad olunmasını tələb edib.
Polis aksiyanın dağıdarkən gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
Arif Hacılı: "Təşkilatçı biz deyilik"
Müsavat başqanı Arif Hacılı “Bandotdel”dən xəbərdarlıq alıb. Başqan son günlər bölgələrdə baş qaldıran etirazların təşkilatçısının Müsavat Partiyası olması barədə ittihamı rədd edib.