Azərbaycanda bəzi malların aksiz dərəcələri artırıla bilər. Bu, Milli Məclisə təqdim olunan Vergi Məcəlləsinə dəyişikliklər ilə bağlı layihədə öz əksini tapıb.
Layihəyə əsasən, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq minik avtomobillərinə görə aksiz dərəcələri artırılır. Məsələn, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60 min 600 manat+mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 80 manat aksiz vergisi tətbiq etmək təklif olunur. (Hazırda 53 min 600 manat+5000-dən artıq hər kubsantimetrə görə 70 manat aksiz ödənilir).
Bundan əlavə, içməli spirt, araq, likör və konyakın aksiz dərəcələri artırıla bilər. Layihəyə əsasən, spirt, araq (vodka), likör və konyakın hər litrinə tətbiq olunan aksiz dərəcəsi 3.2 manatdan 4 manata yüksəldilir.
Siqaretə tətbiq olunan aksiz dərəcəsi də artırılır. Layihəyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 35 manat aksiz dərəcəsi 38.5 manata çatdırılır.
Bu gün, noyabrın 3-də layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb. Orada qeyd edilib ki, təklif olunan dəyişikliklər nəticəsində büdcə gəlirlərində təxmini 65 milyon manat artım gözlənilir.
Bəzi vergi güzəştləri də təklif olunur
Layihədə elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir. Həmçinin, istehsalı 3 ildən, mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı, satışının 2022-ci il yanvarın 1-dən 3 il ƏDV-dən azad edilməsi nəzərdə tutulur.