Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:28

Keçmiş prezident Sarkisianın qardaşı milyonlarını dövlətə qaytarır


Serzh Sarkisianın qardaşı Aleksandr
Serzh Sarkisianın qardaşı Aleksandr

Ermənistanın keçmiş prezidenti Serzh Sarkisianın qardaşı Aleksandr Sarkisian 6, 5 milyon dollar vergi ödəyib və “öz təşəbbüsü ilə dövlətə 19, 6 milyon dollar ianə edib”.

Bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) AzadlıqRadiosu Erməni xidmətinin sorğusuna cavab olaraq verib.

Keçmiş prezident Serzh Sarkisian 2018-ci ilin kütləvi etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub.

2018-ci ilin iyulunda MTX 62 yaşlı Aleksandr Sarkisianın evində axtarış aparmış və prezident qardaşını qanunsuz silah saxlaması iddiaları ilə bağlı sorğu-sual etmişdi.

Amma o bir neçə saatdan sonra sərbəst buraxılmış və silah saxlamaq icazəsinin olduğu bildirilmişdi.

Bundan sonra Aleksandr Sarkisianın barəsində cinayət işi açılmış və ona qarşı Cinayət Məcəlləsinin 178.1 və 3 maddələri (xüsusilə külli məbləğdə dələduzluq) üzrə ittiham irəli sürülmüşdü.

Dövlətə olan vergi borcu ilə bağlı öhdəliklərini qarşılamaq üçün Aleksandr Sarkisian büdcəyə 3 milyard 165 milyon dram (6, 5 milyon dollar) ödəmişdi.

Azatutuyun saytının yazdığına görə MTX bildirir ki, prezident qardaşı habelə “vətənin müdafiəsi məqsədilə silah alınması üçün dövlətə 19, 6 milyon dollar ianə edib”.

MTX bildirir ki, Aleksandr Sarkisianın dondurulmuş bank hesabında hələ də 1 milyard 874 milyon dram (3, 8 milyon dollar) qalır.

Xəbər verilir ki, bu vəsait də tezliklə “vergi borclarının silinməsi məqsədilə” Ermənistanın dövlət büdcəsinə köçürüləcək.

Hazırda Aleksandr Sarkisiandan başqa keçmiş prezidentin digər qohumlarına da cinayət işləri açılıb.

Aleksandr Sarkisianın ortancıl oğlu Ayk Sarkisian qətlə qəsddə ittiham olunur və zaminə buraxılıb.

Serzh Sarkisianın kiçik qardaşı Levon Sarkisian vergidən yayınmaqda və qanunsuz yollarla varlanmaqda ittiham olunur. Hazırda axtarışdadır.

Levon Sarkisianın oğlu Narek Sarkisiana qarşı qanunsuz silah saxlamaq və qanunsuz silah-sursat, habelə narkotik maddə alverinə görə cinayət işi qaldırılıb.

O dekabrın 6-da Çexiyanın Praqa şəhərində aşkar edilib və Ermənistana ekstradisiya olunacağı gözlənilir.

Levonun qızı Ani də atası kimi vegi cinayətlərində ittiham olunur.

XS
SM
MD
LG