Noyabrın 24-də Haqq Ədalət Partiyasının ( HƏP) Təşkilat Komitəsi yaradılıb.15 nəfərdən ibarət olan Komitəyə keçmiş Səhiyyə naziri Əli İnsanov sədr seçilib.
Bu barədə həmin Komitədən məlumat yayılıb.
Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunmuşdu. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.
Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə cinayət məcəlləsinin (CM) 234.1-ci (narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan keçmiş nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Ə.İnsanov ittihamları qəbul etmirdi. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə, onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyirdi.
O bu il martin 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.
Hakim Yeni Azərbaycan Partiyasının qurucularından olan və həbs edilməsi zamanı onlarla yolları ayrılan Əli İnsanovun yeni bir partiya yaradacağı gözlənirdi.