Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 17:14

Blinken Əliyevlə müşahidəçilər missiyasının Qarabağa gəlişini müzakirə edib


Sentyabrın 26-da ABŞ Dövlət katibi Antoni Blinken prezident İlham Əliyevə zəng edib.

ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevi Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyini, sərbəst hərəkətini təmin, hərbi əməliyyatların olmayacağı vədinə əməl etməyə və müşahidəçilər missiyasına icazə verməyə çağırıb, - Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, İ.Əliyev BMT nümayəndələri üçün Qarabağa səfər təşkil etməyə hazır olduqlarını bildirib: "Erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılıb".

İ.Əliyev Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, Qarabağ ermənilərinin hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin edilməsi məqsədilə iş aparıldığını vurğulayıb.

Son günlər Qarabağda baş verənlər...

Sentyabrın 19-da rəsmi Bakı Qarabağda "lokal antiterror tədbirləri"nə başladığını bildirərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.

Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı.

Azərbaycanın açıqlamasına əsasən, Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında bölgədə qeyri-qanuni silahlı dəstələrin buraxılacağı razılaşdırılıb.

Bundan sonra Yevlax və Xocalıda Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin görüşdüyü, əsasən, humanitar məsələlərin müzakirə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər hələ ki sülh müqaviləsi imzalaya bilməyiblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG