Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 04:36

Əliyevin bəyanatlarına Ermənistandan cavablar


Azərbaycan əsgərləri erməni əsirlərlə dəyişdiriləcək? “Ermənistan güzəştə getməyəcək”
Gözlə

No media source currently available

0:00 0:15:55 0:00

Azərbaycan əsgərləri erməni əsirlərlə dəyişdiriləcək? “Ermənistan güzəştə getməyəcək”

“Azərbaycan prezidenti özünün bəyanatı ilə Ermənistan Respublikasının suveren torpaqlarına qarşı təcavüz və işğal faktını açıq şəkildə təsdiq edib, Qarabağ əhalisinin etnik təmizlənməsi niyyətini açıq bildirib”.

Bu bəyanatı aprelin 19-da Azərbaycan prezidenti İlham Əliyevin aprelin 17-də səsləndirdiyi bəyanatlara cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi verib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun bəyanata istinadla yazdığına görə, Əliyev ermənilərin ünvanına bir daha hədə və təhqirlər yağdırıb və yeni tələblər irəli sürüb.

Əliyev habelə bildirib ki, Azərbaycan istənilən situasiyaya hazır olmaq üçün öz ordusunu gücləndirir.

Azərbaycanın belə bir öhdəliyi varmı?

Rəsmi Yerevan Əliyevin bəyanatlarını erməni tərəfinin və beynəlxalq birliyin Cənubi Qafqazda sülhün bərqərar edilməsi yolunda səylərinin sarsıdılması cəhdi kimi dəyərləndirib.

Ermənistan XİN-in bəyanatında deyilir:

“İlham Əliyev bu bəyanatları ilə Azərbaycanın Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıdığına dair bəyanatlarına və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sərhədin Almatı bəyannaməsi əsasında delimitasiyası və Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizlik qarantiyaları məsələlərinin həlli üçün beynəlxalq mexanizmin yaradılması da daxil üzərinə götürdüyü konkret öhdəliklərə şahidlik etmiş müxtəlif beynəlxalq partnyorlara açıq saymazlıq nümayiş etdirib”.

Beləliklə bəyanatda bu da iddia olunur ki, “Azərbaycan Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizlik qarantiyaları məsələlərinin həlli üçün beynəlxalq mexanizmin yaradılmasına” dair də öhdəlik götürüb.

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan İlham Əliyevin bəyanatlarını “aqressiv” adlandırıb.

O deyib ki, “ermənilərə nifrət növbəti dəfə dünyaya nümayiş etdirildi”.

Paşinyan: 'Sülh istəyirik, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır'
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

İqtidar deputatı Əliyevi “diktator” adlandırıb

Ermənistanın baş naziri Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasının başqa bir nümayəndəsi – Armen Xaçatryan deyib ki, Əliyev Ermənistan hakimiyyətinin nəyi etməli olduğunu diqtə etməməlidir.

Xaçatryan Əliyevin erməni tərəfindən “Qarabağ Azərbaycandır və nida işarəsi” kimi bəyanat tələb etməsinin yolverilməz olduğunu deyib:

“Əliyev bizə nəyi və necə etməli olduğumuzu diqtə etməməlidir. Bütün problem bundan ibarətdir ki, Əliyev zor və güc hesabına bircə məsələni də həll edə bilməyəcəyini anlamalıdır. Hərçənd bugün geosiyasi vəziyyət belədir ki, heç nəyi istisna etmək olmaz və hər şeyə hazır olmaq lazımdır. Amma mən bunu bilirəm ki, bir gün bu nifrət və aqressiv davranış onun (Əliyevin-red) öz hakimiyyətinə qarsı yönələcək. Vaxtı gələndə belə də olacaq. Bütün diktatorların axırı belədir”.

“Azərbaycan Ukraynadakı müharibədən fürsətlənmək istəyir”

İlham Əliyevin Azərbaycan televiziyasına müsahibəsinə Ermənistanın parlament müxalifəti də münasibət bildirib.

Müxalifət hesab edir ki, Əliyev Ukraynadakı müharibədən fürsətlənərək imkanlardan maksimum faydalanmağa çalışır.

“Şərəfim var” fraksiyasından deputat Tiqran Abraamyan deyib ki, bəyanatlarla kifayətlənməyən Əliyev Yerevandan “sənədli təsdiq” tələb edir:

“Aydındır ki, o istər Azərbaycanın ərazi bütövlüyü, istərsə də Artsax (Qarabağ-red) məsələsinin mümkün həlli istiqamətində şəxsən Paşinyandan ona sərf edən siqnallar alır və bu, Azərbaycanı tam qane edir, çünki bu, Azərbaycanın tərkibində Artsax (Qarabağ-red) üzərində tam nəzarət imkanı verir, üstəgəl bugünkü Ermənistan Respublikasından torpaqların verilməsinə dair ərazi tələblərini təmin edir. Bəs onu qane etməyən nədir? O bütün bunları sənədləşdirməyə çalışır ki, bu və gələcək hakimiyyətlərlə danışıqlarda əlverişli mövqe qazansın”.

Azatutyun yazır ki, deputat Azərbaycan prezidentinin hərəkətlərini tələsik hesab edirsə də, Ermənistan hakimiyyətinin addımlarının ləng olduğunu vurğulayır.

Abraamyanın fikrincə, Ermənistan hakimiyyəti Azərbaycanın tələblərini tədricən yerinə yetirməklə vaxt uzadır, çünki bu prosesin sona çatması hakimiyyətin də sonu olacaq.

Ermənistanın iddiasına görə, tutulan Azərbaycan əsgərlərindən biri qətl törədib
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Separatçılar da Paşinyandan narazıdırlar

Azatutyun yazır ki, Qarabağ separatçıları da Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü “tam tanımasından” narazıdırlar.

Onların firkincə Azərbaycan bu halda Almatı bəyannaməsini əsas götürərək Madrid sənədinin işçi variantındakı bir bəndə istinad edir.

Separatçılar qeyd edirlər ki, Madrid sənədi “Dağlıq Qarabağın statusuna dair” xüsusi istisna ilə qəbul edilib. Onlar deyirlər ki, Paşinyan Qarabağ əhalisinin təhlükəsizliyi məsələsini “status” məsələsindən ayırmağa çalışır.

Azatutyun yazır ki, Əliyev aprelin 18-də verdiyi bəyanatla Bakı və Xankəndi arasında beynəlxalq vasitəçiliklə danışıqların aparılmasına dair Yerevanın təklifini rədd edib.

O bildirib ki, Qarabağ erməniləri ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da yaşamaq üçün başqa yer axtarmalıdırlar.

Azərbaycan XİN-in cavaba cavabı

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in yaydığı bəyanata münasibət bildirib.

Azərbaycan XİN hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsinə istinadən Ermənistan XİN növbəti dəfə təhrifə yol verib.

Bəyanatda qeyd edilir ki, aprelin 14-də “Avropa ağırılıqqaldırma çempionatında Azərbaycan bayrağının yandırılmasından da göründüyü kimi” Ermənistanın Azərbaycanın nifrət zəminində hərəkətlər etdiyi iddiasının heç bir əsası yoxdur.

Nazirlik hesab edir ki, rəsmi Bakı Azərbaycan ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesində qərarlıdır: “Ermənistan tərəfi bu prosesə müdaxilədən əl çəkməlidir.”

XİN-in vurğulamasına görə, “əlverişsiz hava şəraitində Ermənistan ərazisinə keçən, əsir götürülmüş, qeyri-insani zorakılığa məruz qalmış Azərbaycan hərbçilərinin insan öldürülməsində ittiham olunması hüququn bütün norma və prinsiplərinə ziddir”.

Azərbaycan XİN habelə hesab edir ki, qarşı tərəf “10 min civarında silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edirsə, Azərbaycanın işğal altında olan 8 kəndini azad etmirsə” sülhpərvər mesaj kimi təqdim edilən çağırışların heç bir əsası yoxdur.

Amma Ermənistanın rəsmi qurumları bir qayda olaraq öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmadıqları haqda deyilənləri qəbul etmirlər.

Onlar deyirlər ki, Qarabağın “müdafiə ordusu” onlara aid deyil. Üstəlik, onlar da 1991-ci ildən sonra bəzi kənd və ərazilərini Azərbaycanın işğal etdiyini vurğulayırlar.

Azərbaycan bayrağı Yerevanda yandırıldığı üçün idmançılar iştirakdan imtina edib geri dönüblər
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

İki əsgər…

Aprelin 10-da Azərbaycanın Müdafiə Nazirliyi iki əsgərinin pis hava şəraitində itkin düşdüyünü bildirib. Sonradan onların Ermənistanda saxlandıqları açıqlanıb.

Azərbaycan Baş Prokurorluğu aprelin 13-də isə itkin əsgərlərdən birinə aid etdikləri videogörüntülərlə bağlı cinayət işi başlandığını bildirib. Məlumatda deyilirdi ki, Azərbaycan hərbi qulluqçusunun Ermənistanda əsir düşməsi, ona işgəncə verilməsinə dair videogörüntülər yayılıb.

Amma Ermənistanın İnsan haqları ombudsmanı Anait Manasyan aprelin 16-da iki azərbaycanlı hərbçiyə baş çəkib və qeyd edilib ki, onlardan vəzifəli şəxslər tərəfindən işgəncəyə məruz qalmaları ilə bağlı şikayət eşidilməyib.

Ermənistan Baş Prokurorluğunun aprelin 18-də yaydığı məlumatda isə Azərbaycanın hərbi qulluqçularından biri qətldə günahlandırılıb.

Xatırlatma

Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG