Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:59

İran XİN İlham Əliyevin ittihamlarına reaksiya verib


İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənaani
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənaani

Prezident İlham Əliyev İran hakimiyyətini yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücumda əli olmaqda ittiham edib:

"Biz şəffaf araşdırma tələb edirik. Terrorçunun hücumdan sonra İran KİV-lərinə müsahibələr verməsi onun rəsmi dairələrin nümayəndələri ilə əlaqəli olduğunu göstərir”.

Azərbaycan prezidenti bu bəyanatı Münhen Təhlükəsizlik Konfransınının kuluarlarında jurnalistlərin suallarını cavablandırarkən verib.

Turan agentliyinin verdiyi xəbərdə deyilir ki, İlham Əliyev İran hakimiyyətinin təhqiqat aparmalı və təkcə terrorçunu yox, həm də “onu göndərən həmin rəsmi dairələrin nümayəndələrini cəzalandırmalı” olduğunu bildirib.

Əliyevin sözlərinə görə “bunsuz İranla münasibətlərimizin normallaşması mümkün deyil”.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənaani Bakını qərəzli münasibətdən çəkinməyə və diplomatik missiyaya hücumla bağlı siyasiləşdirilmiş bəyanatlar səsləndirməməyə çağırıb.

Nümayəndə əlavə edib ki, “bu acı insidentin bütün aspektlərinə baxılır və o xüsusiləşdirilmiş qaydada diqqətlə öyrənilir”.

Kənaani bildirib ki, İran bu təhqiqatın nəticələrini Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır.

Hadisə necə olmuşdu

Azərbaycanın Tehrandakı səfirliyinə hücum yanvarın 27-də baş verib.

Kalaşnikov avtomatı ilə silahlı bir nəfər diplomatik missiya təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb. Hücum edən şəxs həbs olunub.

Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və “terrorçuların cəzalandırılmasını” tələb edib.

Azərbaycan yanvarın 29-da Tehrandakı səfirliyin bütün əməkdaşlarını və onların ailə üzvlərini İrandan çıxarıb.

Hazırda səfirlikdə onun binasının və oradakı əmlakın mühafizəsini həyata keçirən 5 əməkdaş qalıb.

Bundan əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov demişdi ki, Bakı dəfələrlə səfirliyin təhlükəsizliyinin təmin olunmasını tələb etsə də, İran hakimiyyəti bu müraciətlərə məhəl qoymayıb.

XS
SM
MD
LG