Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:07

Əliyev: 'Danışıqlarda işğal reallıqları öz əksini tapmasa...'


İlham Əliyev, işğaldan azad olunmuş Talış kəndində (Tərtər rayonu) 18 mart 2023
İlham Əliyev, işğaldan azad olunmuş Talış kəndində (Tərtər rayonu) 18 mart 2023

İlham Əliyevə görə, bəzən müharibəni unutdurmaq istəyirlər, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb...

Bu sözləri martın 18-də Azərbaycan prezidenti İlham Əliyev işğaldan azad olunmuş Tərtər rayonunun Talış kəndindən xalqa ünvanladığı bayram müraciəti zamanı deyib.

“…biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq“ - İlham Əliyev bildirib.

Prezidentə görə, Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır. O bunun gələcək sülh müqaviləsi üçün önəmli amil olduğunu deyib.

Ermənistanın Xarici İşlər Nazirliyi İlham Əliyevin bu dediklərinə bir gün sonra-martın 19-da reaksiya verib.

"Azərbaycan regionda sülhün mümkünsüz olması üçün hər şeyi edir. 2022-ci il oktyabrın 6-sı Praqada və oktyabrın 31-i Soçidə Ermənistan və Azərbaycan başçıları bəyanatlar qəbul ediblər ki, onlara əsasən Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Konvensiyasına qoşulur. Alma-Ata Bəyannaməsi əsasında onlar bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və iki ölkə arasında delimitasiya prosesi müstəsna olaraq bu əsasda getməlidir."- Ermənistan XİN-in Azərbaycan prezidentinin son səsləndirdiyi fikirlərlə bağlı bəyanatında deyilir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacıyev Ermənistanın XİN-in bu bəyanatına elə həmin gün reaksiya verib.

"Praqa və Soçi bəyanatları Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyub, onun suverenliyi və ərazi bütövlüyünü tanıması və hörmət etməsini tələb edir. Buna baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyinin bu bəyanatı daxil olmaqla, bu ölkənin siyasi rəhbərliyinin son vaxtlar daha da kəskinləşən ritorikası, təcavüzkar mahiyyətli bəyanatları, xüsusilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birbaşa hədəf alan hərəkətləri Ermənistanın növbəti dəfə sülh üçün yaranmış tarixi fürsətdən istifadə etmək niyyətində olmadığını nümayiş etdirir..." mətbuat katibinin şərhində deyilir.

Talış kəndinin yenidən qurulması işinə bir il əvvəl başlanılıb. Birinci Qarabağ müharibəsində evlərindən didərgin düşmüş kənd sakinlərindən 20 ailə prezidentin səfəri ərəfəsində evlərinə qayıdıb.

Rəsmi məlumatlara görə, daha 180 ailənin qayıdışı gözlənilir. Tərtər rayonunun Talış kəndi 2020-ci il oktyabrın 3-də işğaldan azad edilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər daha sonra da bölgədə nəqliyyat və iqtisadı əlaqələrin bərpasını vacib sayan daha bir neçə bəyanat qəbul ediblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG