Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:44

Brüssel görüşü: Sərhəd komissiyasının işə başlaması razılaşdırılıb


(Soldan sağa) İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan
(Soldan sağa) İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.

AZƏRTAC-ın xəbərinə görə, Ş.Mişel xatırladıb ki, bu, onların bu formatda üçüncü müzakirələri olub. Onun deməsinə görə, onlar aşağıdakı nəticələrə nail olublar:

- Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq.

- Liderlər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər. Yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.

- Liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.

"Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir", - Ş.Mişel sözlərinə əlavə edib.

Bu formatda bundan əvvəl, aprelin 6-da keçirilən görüşdə tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunmuşdu.

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağın niyə vacib olduğunu izah edir
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Üçtərəfli görüşlər davam etdiriləcək

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub. Azərbaycan tərəf hələlik, görüşün detallarını açıqlamayıb.

Ermənistan hökumət başçısının mətbuat xidməti isə bildirir ki, “müzakirələr nəticəsində regional kommunikasiyaların açılması üzrə işin davam etdirilməsi və sərhədlərin demarkasiyası və təhlükəsizliyi komissiyasının işə başlaması üzrə razılıq əldə olunub”.

“Eləcə də ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar prosesinə hazırlıq, humanitar problemlər, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər müzakirə edilib.

Üçtərəfli görüşlərin davam etdirilməsi üzrə razılıq əldə olunub: iyulda, yaxud avqustda bu formatda görüş planlaşdırılıb”, – məlumatda deyilir.

***

Mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Belçkaya işgüzar səfər edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Səfər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə baş tutub.

İlham Əliyev və Şarl Mişel, Brüssel, 22 may 2022
İlham Əliyev və Şarl Mişel, Brüssel, 22 may 2022

Eyni vaxtda Ermənistanın baş naziri Nikol Paşinyan da Belçkaya səfər edib.

Ermənistan hökumətinin yaydığı məlumatda qeyd edilir ki, Baş nazirin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə təkbətək görüşü olacaq. Daha sonra İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında üçtərfli görüşün keçiriləcəyi bildirlir. Bundan başqa Əliyevlə Paşinyan arasında da təkbətək görüşün keçiriləcəyi planlaşdırılır.

Brüsseldə üçtərəfli görüş bundan əvvəl apreln 6-da olub. Bu 44 günlük Qarabağ müharibəsindən sonra Brüsseldə baş tutan sayca üçüncü görüşdür. İlk görüş eyni formatda 2021-ci ilin dekabrında keçirilib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu görüşdə də hər hansı sənədin imzalanmasının nəzərdə tutulmadığını deyib. Onun sözlərinə görə, bu görüşdə də əvvəl müzakirə edilən məsələlər gündəmdə olacaq.

Rəsmi Moskva bəyan edir ki, Paris və Vaşinqton ATƏT-in Minsk qrupundan imtina edir, Brüssel isə Ermənistan-Azərbaycan barışığında Rusiyanın vasitəçiliyini almaq istəyir. Belə bir mövqeyi sonuncu Brüssel görüşündən sonra KİV-in suallarını cavablandıran Rusiya XİN sözçüsü Mariya Zaxarova səsləndirib.

Zaxarova “yüksək diplomatik fəallığın” Vaşinqtonla Parisin Minsk qrupunun işini iflic etməsindən sonra artdığını vurğulayıb. Sözçü Brüsseli Rusiya-Azərbaycan-Ermənistan arasında ən yüksək səviyyədə əldə olunmuş razılaşmaları “həyasızcasına” öz adına çıxmaqda ittiham edib. O, Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının bərpası, eləcə də Minsk qrupunun ötən il təqdim etdiyi, humanitar problemlərin həlli, Bakı ilə Yerevan arasında sülh razılaşmasının hazırlanması məsələlərini sadalayıb.

Brüsseldən bu ittihamlara hələlik, reaksiya verilməyib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel aprelin 6-da Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə keçirdiyi üçtərəfli görüş barədə jurnalistlərə açqlama verərəkən görüşün çox məhsuldar keçdiyini bildirib.

Onun dediynə görə, görüşdə qərara alınıb ki, mümkün sülh sazişini hazırlamaq üçün sülh danışıqlarına başlamaq yönündə konkret prosesə start verilsin və bunun üçün lazım olan bütün elementlər müzakirə edilsin.

Həmçinin qərara alınıb ki, delimitasiya kimi həsas məsələylə məşğul ölmaq üçün birgə komitə yaradılsın.

Həmin komitə güclü kommunikasia və koordinasiya yoluyla bu yöndə qarşıdakı həftələrdə hansı irəliləyişlərin olacağını diqqətdə saxlasın.

AzadlıqRadiosunun Azərbaycan xidmətinin sülh sazişini imzalamaq üçün hazırlıq prosesinin nə qədər çəkə biləcəyi ilə bağl sualının cavabında Şarl Mişel deyib ki, bunu öncədən demək çətindir.

Onun sözlərinə görə, ötən ilin dekabrında Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra onun tərəflərlə sıx kontaktları davam edib.

O deyib ki hər iki tərəf üçün çətinliklərin olduğunu anlayır, amma həm də ortada prioritetlərlə bağlı ümumi iradə olduğunu görür.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG