Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:11

Salayevin məhkəmədə halı pisləşib


 Əlizamin Salayev
Əlizamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının sədri, həbsdə 100 gündür aclıq etdiyi bildirilən Zamin Salayevin məhkəmədə vəziyyəti pisləşib.

Bu, mayın 17-də Qaradağ rayon Məhkəməsində onun işi üzrə iclasda şahidlər dindirilərkən baş verib. Bu üzdən məhkəməyə Təcili Tibbi Yardım çağırılıb. Təxminən yarım saat ərzində Salayevə tibbi yardım göstəriləndən sonra onun durumu nisbətən düzəlib.

Məhkəmə iclasında bu hadisə yaşanmamışdan öncə Salayevin vəkilləri onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıblar.

Müdafiəçilər vurğulayıblar ki, üç aydan çox davam edən aclıq nəticəsində onun durumu kritikdir, daxili orqanların fəaliyyətində problemlər yaranıb.

Şahidlər dindirilib

Lakin hakim Rufan Mürsəlov vəsatəti təmin etməyib.

“Mən onsuz da bilirəm, bunlar məni öldürmək istəyirlər...” - Salayev vəsatətin təmin olunmamasına belə reaksiya verib.

Salayev 2022-ci ilin fevralında “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanov adlı şəxsi təhqir etməkdə, yumruqla vurmaqda, ardınca da bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Budəfəki məhkəmə iclasında ikisi Astara rayonundan sürücü, ikisi isə Qaradağ rayonu, 10-cu polis bölməsinin əməkdaşları olmaqla, şahidlər dindirilib. Elə bölmənin sahə inspektoru Əfqan Əliyev dindiriləndə AXCP fəalının durumu pisləşib və Təcili Yardım çağırılıb.

Şahidlərdən sonra cinayət işindəki sənədlər, o cümlədən ekspert rəyi elan edilib. Ekspert rəyində iddia olunur ki, bıçağın üzərində Salayevin barmaq izi var.

Özünün və vəkillərin dedikləri

Salayev isə iddia edir ki, ümumiyyətlə, nə onun əlində bıçaq olub, nə də Süleymanovu vurub. Onun sözlərinə görə, baş verənlər öncədən hazırlanmış təxribatdır, Süleymanov da polisin adamı olmaqla, bu planın bir parçasıdır.

Salayevin vəkili Fəxrəddin Mehdiyev sözü gedən ekspert rəyi ilə bağlı bildirib ki, həmin rəy qanunsuz yolla əldə edilib. Vəkilin sözlərinə görə, əslində, bıçağın götürüldüyü yer göstərilməli, fotoları çəkilməliydi və bunların heç biri yoxdur: “Həmin rəy qanunsuz və əsassızdır”.

AXCP fəalının vəkilləri Salayevi hadisə günü Lökbatan dairəsinə gətirən taksi, telefon anten dairəsi və başqa məsələlərlə bağlı bir sıra məsələlərin aydınlaşdırılması üçün vəsatətlər versələr də, heç biri təmin olunmayıb. Ardınca bu iş üzrə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Mayın 22-də prokuror çıxış edib, Salayevlə bağlı təklifini səsləndirəcək.

Öncəki həbslər

Fevralın 7-dən həbsdə olan Zamin Salayev CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur. Bu maddədə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Salayev bundan öncə dəfələrlə polisin qanuni tələbinə tabe olmama və başqa ittihamlarla bir neçə dəfə inzibati qaydada həbsdə olub. O, 2020-ci ilin aprelində Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə 2 il 3 ay azadlıqdan məhrum edilmişdi.

Bundan başqa, o, dəfələrlə etiraz aksiyalarında saxlanılaraq, polisə müqavimət və başqa ittihamlarla inzibati qaydada da həbs olunub.

XS
SM
MD
LG