Qırğızıstanda imamların dükanları gəzərək onları spirtli içkilər satmaqdan imtinaya çağırması qızğın müzakirələr yaradıb.
Bəziləri din xadimlərinin bu aksiyasını dövlətin işlərinə müdaxilə, bəziləri isə sərxoşluğa son qoyulması üçün ifrat tədbir kimi dəyərləndirirlər.
Qırğızıstanın Batken vilayətinin Kadamcay rayonunda 10-dan çox imam spirtli içkilər satan dükanları gəzərək satıcılara spirtli içkilərin dində qadağan edildiyini, çoxlu xoşagəlməz nəticələrə yol açdığını izah edib. İmamlar dükanları imkan daxilində satışa son qoymağa çağırıblar. Rayonun Markaz kənd şurasının imamı Ibrahim Aytkulov AzadlıqRadiosu-nun qırğız xidmətinə bildirib ki, dükanlar bundan sonra spirtli içki satmamağa söz veriblər.
Buna da bax: Bu kənd arağa 'müharibə elan etdi'
BƏZİ DÜKANLAR SATIŞI DAYANDIRIB
Aytkulovun sözlərinə görə, imamlar aksiyanı davam etdirmək niyyətindədirlər. O qeyd edib ki, onların apardığı söhbətlərdən sonra bir çox dükan spirtli içki satışını dayandırıb.
Batken vilayətinin qazı idarəsi AzadlıqRadiosu-na bildirib ki, mollalar, sadəcə, izahat işi aparırlar ki, bu da onların öhdəliklərinə daxildir. Kadamcan rayonunun rəhbərliyi baş verənlər barədə tam məlumatlı olmadıqlarını bildirib. "Ancaq bunda təəccüblü bir şey yoxdur", – deyə rayon rəhbərliyindən bildiriblər.
Buna da bax: Ramazanda içki paylayan müsəlman ofisiant qadın döyülüb
"İmam təkcə din xadimi deyil, həm də kənd sakinidir. Axı biz onu ayıraraq "sən imamsan, ona görə də qanunlara qarışma" deyə bilmərik. Onlar da ictimaiyyətin nümayəndələridir. Onlar adamları dükanları bağlamağa məcbur etmirlər, sadəcə, qayda-qanuna dəvət edirlər, gecə vaxtı və gənclərə spirtli içki satışını dayandırmağı xahiş edirlər. Qoy spirtli içki satsınlar, ancaq burada söhbət qayda-qanuna əməl etməkdən gedir", – rayonun icra hakimi Zhanybek Isakov deyir.
“DƏSTƏKLƏNMƏLİ TƏŞƏBBÜSDÜR”
İmamların aksiyası haqda məlumat KİV-lərdə və sosial şəbəkələrdə yayılandan sonra istifadəçilər iki düşərgəyə ayrılıblar. Bəziləri imamların bu təşəbbüsünü sahibkarların hüquqlarının məhdudlaşdırılması adlandırırlar. Digərləri isə onu sərxoşluğun önlənməsindən ötrü məcburi tədbir kimi görürlər. İstifadəçilərin başqa bir qismi isə narazılıq bildirirlər: "Niyə mollalar istehsalçıları yox, satıcıları doğru yola dəvət edirlər?"
Buna da bax: Kəbini yalnız ixtisaslı imamlar kəsəcək
Dini mövzulardan yazan jurnalist Emil Momunov hesab edir ki, imamların təşəbbüsü dəstəklənməyə layiqdir.
"Cinayətlərin əksər hissəsi spirtli içkilərə görə baş verir. Məsələn, Kara-Suudakı son hadisəni götürək. Orada 80 yaşlı sərxoş kişi arvadını öldürüb. Görünür, din xadimlərinin adi insan kimi vicdanları baş verənləri sakitcə müşahidə etməyə imkan vermir. İndi nə edək, sahibkar hüquqlarının arxasında gizlənərək baş verənlərə göz yummağa davam edək? Madam ki, hökumət sərxoşluğu önləmə tədbiri görmür, mollaların özləri fəaliyyətə başlayıb", – jurnalist deyir.
“DÖVLƏT İŞLƏRİNƏ MÜDAXİLƏ”
Artıq imamların dükanları gəzərək satıcıları spirtli içki satışından imtinaya çağırmasını "müqəddəs inkvizisiya" adlandıranlar da var. Politoloq Daniel Kadyrbekov bu aksiyanı dövlət işlərinə müdaxilə kimi dəyərləndirir:
Buna da bax: Spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa götürülür
"Din xadimlərinin vətəndaşların biznesinə müdaxiləsi, "reydlər" və nəsihətlər göstərir ki, onlar dövlətin monopoliyasına rəqabət təşkil edirlər. Bununla imamlar dövlətin gücünü sınaqdan keçirirlər, onun vəziyyətini yoxlayırlar: Əgər bu dəfə sakit dursalar, başqa tələblər də irəli sürərik. Bəlkə də gələcəkdə, xəlifələrin idarəçiliyi dövründə olduğu kimi, vergiləri onların özləri yığmaq istəyəcəklər. Ya da məhkəmələrin funksiyalarının qazılara ötürülməsini istəyəcəklər. Bütün bunların nəticələri olacaq. Ona görə də dövlət belə din xadimləri ilə bağlı uyğun tədbirlər görməlidir", – Kadyrbekov deyir.
Daha öncə Qırğızıstanın bəzi kəndlərində spirtli içki satışı yasaqlanıb, dükan sahiblərinə isə xəbərdarlıq edilib. İyulun sonunda isə Oşun Zhapalak kəndinin sakinləri kənddə satışda olan bütün spirtli içkiləri satın alaraq məhv ediblər.