Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 08:46

Almaniya Polşanın Ukraynaya “Leopard” göndərməsinə mane olmayacağını deyir


Almaniyada Ukraynaya Leopard tankları göndərmək tələbiylə aksiya
Almaniyada Ukraynaya Leopard tankları göndərmək tələbiylə aksiya

Ukraynanın şərqində Rusiyanın hücumlarının dəf olunduğu bildirilir. Ukrayna ordusu Baş qərargahının yanvarın 23-də yaydığı məlumata görə, Rusiya qüvvələri son 24 saat ərzində üç istiqamətdə hücuma cəhd ediblər, ancaq geri oturdulublar. Donetsk vilayətindəki Baxmut şəhərinin Moskvanın hücumunun əsas hədəfi olduğu bildirilir. Bir neçə aydır burada ağır döyüşlər gedir.

Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 22-də Almaniyanın ARD televiziyasına müsahibəsində deyib ki, Almaniya istehsalı olan məhdud sayda tank döyüş zonasında balansı Ukraynanın xeyrinə dəyişə bilməyəcək, ancaq əsgərlərin ruhunu yüksəldəcək:

“Rusiya ordusu bizə qarşı min tank çıxardığı halda, 10, 20, 50 tank göndərməyə qərar verən heç bir ölkə problemi həll edə bilməyəcək. Ancaq onlar çox vacib bir iş görəcəklər – əsgərlərimizə dəyərləri uğrunda savaşmağa motivasiya verəcəklər. Belə bir jest dünyanın bizimlə olduğunu göstərəcək”.

+++

Berlin Polşanın Ukraynaya Almaniya istehsalı “Leopard” tankları göndərməsinə icazə verməyə hazırdır. Bunu Xarici işlər naziri Annalena Baerbok yanvarın 22-də deyib. Bu açıqlamadan öncə isə Polşanın Baş naziri Mateuş Moravieski Berlinin bu məsələsə qarşı çıxmasını sərt tənqid edib.

Almaniyanın daha öncəki mövqeyi beləydi ki, Birləşmiş Ştatlar Abrams döyüş tankları göndərməyincə, NATO üzvləri də Ukraynaya Leopard verməsin. Berlin bu mövqeyinə görə sərt tənqid olunurdu.

“Bizə bu sualı versələr, buna qarşı çıxmayacağıq”, – Baerbok Parisdə Fransa-Almaniya sammitindən sonra LCI televiziyasına deyib.

Moravieski daha öncə “PAP” agentliyinə deyib ki, Almaniyanın münasibəti “qəbuledilməzdir”, Ukraynanın müttəfiqləri tank göndərmək məsələsini götür-qoy etdiyi bir vaxtda bu ölkədə Rusiyanın hücumlarından günahsız adamlar ölür.

Almaniya həmçinin Baltik ölkələri Latviya, Estoniya və Litvanın təzyiqilə üzləşib. Yanvarın 21-də bu üç ölkə Almaniya rəhbərliyinə birgə çağırış edərək Ukraynaya döyüş tankları göndərməyi sürətləndirməyə çağırıb.

“Abrams göndərəcəyimizə təminat verməsək...”

Almaniyanın Müdafiə naziri Boris Pistorius Baerbokun bəyanatını təsdiqləməsə də deyib ki, tezliklə tanklarla bağlı qərar olacaq. Almaniyanın Kansleri Olaf Şolts isə qeyd edib ki, indiyədək Ukraynaya bütün silahlar Qərb tərəfdaşları ilə sıx koordinasiya olunaraq göndərilib. “Bunu gələcəkdə də edəcəyik”, – o vurğulayıb.

ABŞ-da aparıcı konqresmeni isə çıxılmaz vəziyyətin həllindən ötrü simvolik sayda M1 Abrams döyüş tankları göndərmək tərəfdarı olduğunu söyləyib.

“Biz Abrams göndərəcəyimizə təminat verməsək, Almaniya bircə tank belə göndərməyəcək”, – ABŞ Nümayəndələr Palatasının Texasdan olan respublikaçı üzvü Maykl Makkol (Michael McCaul) CNN-ə deyib.

“Bunu açıq şəkildə etsək, xeyli sayda Leopard tankları göndərilə bilər, çünki Almaniyanın verdiyi tankların göndərilməsinə icazə gözləyən 10 belə ölkə var”, – konqresmen söyləyib.

100-150 Leopard

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hərbi təhlilçisi Mark Kankian (Mark Cancian) da düşünür ki, Almaniyanın Leopard-la bağlı təsdiqindən ötrü Birləşmiş Ştatlar az sayda M1 Abrams yollaya bilər.

Onun sözlərinə görə, bu halda Ukrayna bir neçə ay ərzində NATO üzvlərindən 100-150 Leopard əldə edə bilər. İndiyədək 2 minə yaxın Leopard istehsal olunub.

Kankian AzadlıqRadiosuna deyib ki, hazırda Ukraynaya Britaniyadan 14, Polşadan 15 tank göndərilməsi müzakirə olunur ki, bunun da təsiri böyük olmayacaq.

“Miqyas vacibdir. Məncə, 100, 150 tanklar döyüş zonasında dəyişiklik yaratmaq olar. Vəziyyət kəskin dəyişməyəcək, ancaq onların silahlı qüvvələrinin daha effektiv olacağını görəcəksiniz”, – o vurğulayıb.

Palatada Xarici əlaqələr komitəsinin sədri olan Makkol qeyd edib ki, Rusiyanın Baş qərargah rəisi Valeri Gerasimovu Ukraynadakı müharibəyə komandan təyin etməsi o deməkdir ki, Rusiya “Donbasdakı şərq cinahda böyük hücuma hazırlaşır” və tanklar bunun qarşısını ala bilər.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə yanvarın 22-də Telegram-da yazıb ki, Kiyevə vəd olunan əlavə silahlar Ukraynadakı müharibəni yeni səviyyəyə qaldıra, bu isə “qlobal fəlakət”ə səbəb ola bilər.

XS
SM
MD
LG