Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:22

Almaniya Baş Prokurorluğu dondurulmuş Rusiya aktivlərinin müsadirəsini istəyir


Moskva birjasının foyesi
Moskva birjasının foyesi

Almaniya Baş Prokurorluğu Rusiyanın dondurulmuş 720 milyon avroluq aktivlərinin müsadirə olunası iddiası ilə Frankfurt torpağının Ali Məhkəməsinə müraciət edib.

Der Spiegel yazır ki, söhbət Moskva Fond Birjasının törəmə şirkətinin vəsaitindən gedir. Bu vəsait ABŞ-ın ən böyük bankı olan JP Morgan bankının Almaniyadakı filialında saxlanır.

Baş Prokurorluq bu məlumatı təsdiq edib.

Əgər iddia təmin olunsa vəsait ölkənin federal büdcəsinə köçürüləcək. Bu, Almaniyada bu qəbildən baş verən ilk hadisədir. Bundan əvvəl sanksiya siyahısına düşən şirkət və şəxslərin aktivləri yalnız dondurula bilərdi.

Baş Prokurorluğun belə bir iddia qaldırmasına 720 milyon avronun JP Morgan bankından Moskva birjasının filialının – Commerzbank-dakı klirinq mərkəzinin hesabına köçürülməsi cəhdi səbəb olub.

Sanksiya qoyulan gün

Xəbər verilir ki, bu cəhd 2022-ci ilin iyununda, Avropa İttifaqı Moskva birjası qrupuna daxil olan Milli hesablaşma depozit fonduna qarşı sanksiya elan etdiyi gün edilib.

İstər JP Morgan, istərsə də Commerzbank vəsaitin köçürülməsindən imtina ediblər.

Bu ilin iyununda bildirilmişdi ki, Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərinin müsadirəsinin mümkün olmadığı barədə nəticəyə gəlib.

Rusiyanın bloklanmış ehtiyatlarından istifadə üzrə işçi qrup bildirmişdi ki, hazırda dondurulmuş aktivlərin hətta sanksiya altında olduğu bir vaxtda da müsadirəsi üçün etibarlı hüquqi mexanizm yoxdur.

Prokuror hesab edir ki, bu aktivlər “cinayət alətinə” çevrilib

İndi isə federal prokuror hesab edir ki, pul vəsaitinin operatoru vəsaiti çıxarmağa çalışmaqla Almaniya qanunlarını pozub və nəticədə həmin vəsait “cinayət aləti” kimi müsadirə oluna bilər.

Almaniyada hazırda Rusiyanın 5 milyard avroluq aktivlərinə həbs qoyulub.

Hökumət bir çox hallarda vəsaitlərlə sanksiya siyahısına düşən biznesmen və şirkətlər arasında əlaqənin olmasını sübut eləməli olur.

Rusiyanın bütün dünya boyunca dondurulmuş aktivləri 300 milyard dollar təşkil edir. Onlardan 260 milyardı Rusiya Bankı aktivlərinin payına düşür.

Aktivlərin 210 milyard dolları Avropa İttifaqında saxlanır.

Xəbər verilir ki, ABŞ qeyri-rəsmi olaraq bu vəsaitin Ukraynanın xeyrinə müsadirə olunmasını təklif edib.

XS
SM
MD
LG