Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:54

Koronavirusla bağlı Azərbaycana ABŞ-dan yardım, Çindən təklif var


Arxiv foto
Arxiv foto

COVID-19 virusunun yayılması ilə mübarizədə ABŞ Dövlət Departamenti və USAİD (Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycana1,7 milyon dollarlıq tibbi yardım göstərir.

Bu barədə bu gün, martin 28-də ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Məlumata görə, bu vəsait Azərbaycana laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanması, əsaslı nəzarət işlərinin aparılması, texniki mütəxəssislərə dəstəyin və risk şəraitində kommunikasiya efektivliyinin artırılması məqsədilə verilir.

“Son 20 ildə Birləşmiş Ştatlar təkcə Azərbaycanda səhiyyə sahəsinə 41 milyon dollara yaxın və ümumilikdə 890 milyon dollardan artıq yardım ayırıb”, məlumatda vurğulanıb.

ÇİN DƏ ÖZ İMKANLARI DAXİLİNDƏ AZƏRBAYCANA YARDIM TƏKLİF EDİR

Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının dövlət müşaviri, Xarici İşlər naziri Van İn Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarova teleqram ünvanlayıb.

Nazirliyin Mətbuat xidməti idarəsindən bu gün, martın 28-də bildiriblər ki, teleqramda Van İn yeni koronavirus pnevmoniyası başlayandan bəri Azərbaycan tərəfinin epidemiya ilə mübarizədə Çinə güclü dəstək verdiyini qeyd edib və bu xüsusda onların dərin minnətdarlığını ifadə edib.

Teleqramda habelə qeyd edilib ki, Çin və Azərbaycan yaxın dost, yaxşı tərəfdaşdırlar. Həmçinin vurğulanıb ki, Çin öz imkanları daxilində yardım göstərməyə, epidemiya vəziyyəti, qarşısının alınması və nəzarət təcrübəsi, eləcə də tibbi müalicə ilə bağlı Azərbaycan tərəfi ilə sıx əlaqə saxlamağa hazırdır.

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 25 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 165 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 15 nəfərinin sağalıb evlərinə buraxıldığı, 3 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı 3 mindən çox şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.Sabah, martın 29-dan xüsusi karantin rejiminin bir qədər də gücləndirilməsi gözlənir.

XS
SM
MD
LG