Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:41

Amerika irqçiliyi Hitlerə necə təsir edib


Hitler Parisdə. 1940
Hitler Parisdə. 1940

Marksist filosof Antonio Qramşi yazırdı ki, tarix öyrədir, ancaq şagirdləri yoxdur.

«The New Yorker» jurnalı yazır ki, amerikalılar nasizm mövzusunda kitablar, filmlər, televiziya proqramları, video oyunları, komiks kitabları ilə çox maraqlanırlar. İkinci Dünya müharibəsi haqda hekayələr Vyetnam, Kamboca və İraqdan əvvəl ABŞ-ın xoşniyyətli supergüc olduğu, totalitarizm və nifrət məngənəsində iflic olmuş Avropanı xilas etməyə tələsdiyi vaxtları xatırladır. Ancaq bunun ardınca qorxunc şeylər baş verməyə başladı. Amerikaya köçən alman alimlər öz keçmiş düşmənləri üçün işləməyə başladılar. Kütləvi qırğın texnologiyaları sahəsində əldə olunan nəticələri Hitler özünün ən qara düşüncələrində belə təsəvvür etməmişdi.

«Hitlerin Amerika modeli»

Nasistlər Amerika cəmiyyətinin bir çox aspektlərini ideallaşdırırdılar: idman kultu, Hollivudun istehsal dəyərləri, sərhəd mifologiyası. Hitler uşaqlıqdan alman yazıçısı Karl Mayın vesternlərini sevərək oxuyub. 1928-ci ildə Hitler ağdərili gəlmələrin milyonlarla qızıldərilini qıraraq saylarını bir neçə yüz minə endirməsini alqışlayıb. O, Şərqi Avropada Lebensraum (Şərqdə yaşayış məkanı) anlayışından danışan zaman çox vaxt Amerika təcrübəsini nəzərdə tuturdu.

Nasizm haqda son zamanlar çap olunan kitablar arasında amerikalı oxucuları ən çox narahat edən Ceyms Uitmenin «Hitlerin Amerika modeli: ABŞ və nasist irqçi hüququnun yaranması» (Hitler’s American Model: The United States and the Making of Nazi Race Law) kitabıdır. Uitmen nasistlərin XIX əsrin sonları – XX əsrin əvvəllərinə aid Amerika irqçiliyindən ilhamlandıqlarını sistemli izah edir. O yazır ki, Hitler «Mein Kampf» kitabında Amerikanı müəyyən irqləri vətəndaşlıqdan xaric etməklə vətəndaşlığın irq konsepsiyası sahəsində inkişafa imza atmış dövlət adlandırır və təqdir edir. Uitmen qeyd edir ki, belə təsirlərin müzakirəsi az qala tabudur. Ancaq Almaniyada bu növ soyqırımı nifrəti ondan əvvəl də, ondan sonra da olub. Biz yalnız bu nifrəti dövlət imtiyazlarından məhrum etmək və onun insani məğzini dərk etməyə çalışmaqla ona qalib gələ bilərik.

İçində yaşadığımız bağışlanmaz irqçilik və dirçəlməkdə olan avtoritarizm dövründə Hitlerin yüksəlişi çox ciddi məsələdir. Çünki demokratiyanı sökməyə çalışanlar üçün ondan yaxşı nümunə ola bilməz.

«Xüsusi yol» tezisi

1945-ci ildən bəri nasizmi öyrənən tarixşünaslıq bir neçə geniş transformasiyaya məruz qalıb. Səbəbsə Almaniyanın həm daxilindən, həm də xaricindən gələn siyasi təzyiqlər olub. Soyuq müharibə dövründə Qərbi Almaniyanın sovet təhlükəsinə qarşı dəstəklənməsi alman mədəni dəyərlərinin daha yaxından sorğulanmasına mane olub. Hitlerin müharibədən sonra yazılmış ilk bioqrafiyası 1952-ci ildə britaniyalı tarixçi Alan Bullok tərəfindən dərc edilib. Burada müəllif onu şarlatan, manipulyator, «heç bir prinsipi olmayan opportunist» kimi göstərirdi. Alman alimlər çox zaman Hitler məsələsindən yan keçərək sistematik yanaşmaya üstünlük veriblər.

1960-cı və 70-ci illərdə, Soyuq müharibədə Realpolitik və Holokost dəhşətləri bir qədər sönəndə bir çox tarixçilər Sonderweg (Xüsusi yol) tezisini dəstəkləməyə başladılar. Bu tezisə görə, Almaniya XIX və XX əsrlərdə xüsusi yolla gedib və bu yol digər Qərb dövlətlərinin getdiyi yoldan fərqlidir. Bu iddiaya görə, Vilhelm dövrünün Almaniyası sağlam liberal-demokratik xətt qura bilməyib və onun siyasi cəhətdən modernləşə bilməməsi nasizm üçün zəmin hazırlayıb. Almaniyanın özündə Hans Momzen kimi solyönlü tarixçilər bu konsepsiyadan güclü kollektiv məsuliyyətə çağırış üçün istifadə ediblər. Onun iddiasına görə, Hitlerə fokuslanmaq əsas məsələdən boyun qaçırmaqdır və nasizm onun bizə etdiyi pislikdir. Momzen nasist dövlətinin kumulyativ radikallaşmasından danışır. Burada Hitler özünü «zəif diktator» kimi göstərir.

Alman olmayan solyönlü tarixçilərin fikrincə, Sonderweg konsepsiyası digər dövlətlər üçün günahdan təmizlənmə nağılı rolunu oynaya bilər: biz səhvlər edə bilərik, ancaq biz heç vaxt almanlar qədər pis olmayacağıq.

XS
SM
MD
LG