Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:29

ABŞ səfirliyi: Azərbaycan və Ermənistan sərhədində baş verən insidentlərdən narahatıq


Amerika Birləşmiş Ştatlarının səfirliyi Azərbaycan və Ermənistan sərhədində vəziyyətlə bağlı narahatlığını ifadə edib.

“ABŞ səfirliyi son günlərdə Azərbaycan və Ermənistan sərhədində, Sədərək-Yerasx yaxınlığında baş verən insidentlərdən narahatdır”, - deyə açıqlamada yazılıb.

Səfirlik hər iki tərəfi gərginliyi tezliklə və dinc yolla azaltmağa, danışıqların bərpası üçün imkan yaratmağa çağırıb.

Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Artıq, tez-tez istər iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir. Hətta, ölən və yaralananların olduğu da bildirilir.

Son sutkada da Azərbaycan-Ermənistan sərhədində qarşılıqlı atışma zamanı hər tərəfdən bir nəfərin yaralandığı bildirilib.

Azərbaycan Müdafiə Nazirliyinin press-relizində deyilir ki, iyulun 19-da Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ramal Bədəllinin ayağından yaralandığı bildirilib.

Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi də Azərbaycan qüvvələrinin ilk olaraq onların mövqeylərinə atəş açdığını açıqlayıb.

Ermənistan mediası rəsmi mənbələrə istinadən bildirib ki, atışma zamanı bir nəfər yaralanıb.

Xatırlatma

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG