Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:12

Jurnalistə polisdə nə deyildi?


Anar Məmmədov
Anar Məmmədov

"Criminal.az" saytının baş redaktoru Anar Məmmədov iyulun 3-də Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Anar Məmmədov bildirib ki, çağırılmasına səbəb bir gün öncə saytda yayımlanan iki yazı olub.

Jurnalistin sözlərinə görə, onu Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, cinayət-axtarış idarəsinin və qarnizonun rəisləri qəbul edib.

Anar Məmmədov deyir ki, yazılardan biri Qarabağ Hərəkatının sədri Vasif Qurbanzadənin evindəki oğurluqla bağlı cinayətin üstünün açılmamasıyla əlaqədar daxili işlər nazirinə açıq məktubu, digəri isə soyğunçuluqda suçlanan şəxsin tutulub, bir gün sonra azadlığa buraxılması barədə olub:

"Yazmışdım ki, əgər soyğunçuluq edibsə, niyə buraxılıb? Yox, günahı olmadığı məlum olubsa, o halda, niyə bir gün əvvəl adamın fotolarını yayıb biabır eləyirdiniz?"

Anar Məmmədov deyir ki, görüşdə qarşı tərəfdən xoş münasibət görüb, hətta iradlarını da mədəni şəkildə bildiriblər:

"Düzdür, iddia etdilər ki, bu yazılarla polisə qarşı haqsızlıq edirəm, qərəzli davranıram. Amma heç bir kobudluq olmadı".

Anar Məmmədov hazırda şərti cəza altındadır. Jurnalist ötən il Gəncədə icra başçısının güllələnməsi və sonra baş verənlər haqqında yazılarına görə bu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 2 il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza alıb.

O, dövlət əleyhinə çağırışlar, səlahiyyət həddini aşma və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinib.

Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Anar Məmmədov barəsində məhkəmə hökmünü bir sıra beynəlxalq qurumlar, habelə ATƏT-in KİV azadlığı üzrə təmsilçisi Harlem Desir pisləyib.

XS
SM
MD
LG