Bakı Apelyasiya Məhkəməsi bu gün, avqustun 27-də “criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun şikayətinə baxıb.
Anara Məmmədovun şikayəti evində axtarış aparılması ilə bağlı Səbayel Rayon Məhkəməsinə etdiyi müraciətin təmin edilməməsindən olub.
Bu barədə Anar Məmmədov özü danışıb:
“Evimdə axtarış qanunsuz aparılıb, kompüterim, vergiyə aid sənədlərim və telefonalarım müsadirə olunub. Bundan sonra Səbayel Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxmayıb”.
Anar Məmmədov deyir ki, bundan sonra apelyasiya şikayəti verib. Onun sözlərinə görə, prosesdə müstəntiq axtarışın qanuni aparıldığını desə də, məhkəməyə bunları təsdiq edən sübut verməyib.
Anar Məmmədov vurğulayır ki, məhkəmə onun şikayətini təmin etməyib.
Baş redaktorun bu açıqlamasına, hələlik, məhkəmə orqanları və ittiham tərəfinin mövqeyini öyrənmək mümkün olmayıb.
Ancaq, bundan əvvəl Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə əlaqədar bəzi informasiya resursları ilə bağlı hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.
Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü ( vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.
Bu zaman bəzi media qurumları “çağırış xarakterli, ictimaiyyəti çaşdıran” məlumatlar paylaşmaqda günahlandırılırdılar.
İyulun 12-də Anar Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdilər.
Bundan sonra ölkədə bir neçə saytın, o cümlədən “criminalaz.com”un girişinə ölkə daxilindən məhdudiyyət qoyulub.
Anar Məmmədov vurğulayır ki, “criminalaz.com”un girişinə blok qoyulması ilə bağlı məhkəmə qərarı yoxdur. Ancaq bu məsələnin detallarını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Azərbaycanda saytların bloklnmasına 2017-ci ildən qanunvericiliyə edilən dəyişikliklərdən sonra başlanıb. Bu müddət ərzində 10-dan çox sayt bloklanıb. Beynəlxalq təşkilatlar bu addımı tənqid ediblər.
Xatırlatma
İyulun 3-ə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bundan sonra sosal şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.
Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik “radikal dini qrup”un keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Bu hadisə ilə bağlı 60-dan çox şəxsin həbs olunduğu bildirilir.
Hüquq-mühafizə oraqnlarının iddiasına görə, daha 5 silahlı şəxs isə öldürülüb.
Ancaq bu məsələ heç də ölkə ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. Bəzi ekspertlər düşünürlər ki, həmin əməliyyatların video görüntüləri yayılarsa, ölkə əhalisində baş verənlərlə bağlı rəsmi açıqlamalara şübhə olmaz.