Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:52

ANS-in əli Teleradio Şurasının yaxasında 


Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli

►Seriallar üçün pul kimə verilib?

"Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya filmlərinin istehsalı üçün ayrılan 11 milyon manat vəsaitin necə xərclənməsi barədə məlumat verməlidir."

ANS Müstəqil Yayım və Mediya Şirkətinin fevralın 1-də MTRŞ-yə göndərdiyi sorğuda onlarla uzun zamandan bəri qovğada olan dövlət qurumundan hesabat istənilir . Bu barədə ANSPRESS məlumat yayıb.

Ölkə başçısının milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi ilə bağlı verdiyi 2 sərəncamla 11 milyon manat vəsait ayrılıb.

Sərəncama uyğun olaraq, həmin vəsaiti telekanallar arasında MTRŞ bölüşdürüb.

Telekanalın müraciətində maliyyə ayrılan hər bir yayımçı kanalın adının, onlara ayrılan vəsaitin dəqiq məbləğinin və vəsaitin sərf olunacağı layihələr barədə bilgilərin açıqlanması istənilir.

ANS eyni sorğunu teleradio qurumu ilə bərabər, maliyyə və vergilər nazirinə, baş prokurora da ünvanlayıb.

Buna da bax: Nardaranlıların vəkil dərdi

MTRŞ teleradio yayımı qanunvericiliyinin pozulması əsası ilə 2014-15-ci illərdə ANS-in cəzalandırılmasını nəzərdə tutan 26-dan çox qərar verib. Şura sonuncu dəfə 2016-cı ilin yanvar ayında telejurnalist Mirşahin Ağayevin “Hesabat” proqramının ANS-də yayımına 1 aylıq yasaq qoymuşdu. Ancaq ölkə prezidentinin işə qarışması ilə ertəsi gün qərarını geri götürmüşdü.

Üstəlik fevralın 1-də Səbail məhkəməsi ANS-in bu qrumla bağlı şikayətinə baxıb. Məhkəmənin qərarına əsasən Milli Televiziya və Radio Şurası ANS-lə bağlı çıxardığı qərarlardan 8-nə yenidən baxmalıdır.

Yada salaq ki, Səbail Məhkəməsi sözügedən şikayətlərə ikinci dəfə baxıb. Məhkəmə 2015-ci ilin dekabr ayında keçirilən ilk baxış zamanı şikayətlərin hamısını əsassız hesab etmişdi. 2016-cı ilin yanvar ayının sonunda isə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını ləğv etmişdi. Nəticədə şikayətlər yenidən baxılması üçün Səbail Məhkəməsinə qaytarmışdı.

Milli Teleradio Şurası son 2 ildə ANS-in cəzalandırılmasını nəzərdə tutan 26-dan çox qərar qəbul edib.

XS
SM
MD
LG