Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 17:29

'Apple' İrandakı populyar apps-ləri silir


Apple
Apple

«Apple» şirkətinin İranda rəsmi təmsilçiliyi yoxdur. ABŞ sanksiyaları ucbatından «iPhone» telefonları burada satışa çıxarılmır, üstəlik, «Apple» bu ölkədə «App Store»un rəsmi versiyasını da təqdim etmir.

Ancaq «The New York Times» qəzeti yazır ki, bu, iranlıların Dubay, Honq Konq kimi yerlərdə milyonlarla «iPhone» əldə etməsini önləyə bilməyib. İranlı apps hazırlayanlar isə yerli istifadəçilərdən ötrü minlərlə apps yaradaraq onları «App Stores» vasitəsilə İrandan kənarda yayır. Di gəl, indi «Apple» İrandakı apps-ləri daha ciddi-cəhdlə bağlamağa çalışır. Bundan öncə şirkət Çində apps-ləri ləğv etmişdi. Həmin apps-lər çinlilərin senzuranı aşaraq qlobal çıxışına imkan verirdi ki, bunu da Çin hökuməti qanunsuz sayırdı.

ƏVVƏL ÇİN, İNDİ İRAN

Ötən həftə «Apple» İranda məşhur, «Uber»ə bənzər «Snapp» apps-ini apps mağazalarından çıxarıb. Son həftələr ərzaq çatdırılması, alış-veriş və digər xidmətlərlə bağlı apps-lər də eyni aqibətlə üzləşiblər. «Apple» bildirib ki, «ABŞ sanksiyalarına uyğun olaraq, ««App Store» Birləşmiş Ştatların embarqo qoyduğu ölkələrə bağlı apps-lər, yaxud şirkətlərlə ...iş görə bilməz».

«Apple»in sözçüsü Tom Neumayr qəzetə bu mesajı təsdiqləyib, ancaq əlavə şərh verməyib.

Onlayn ərzaq çatdırılması xidməti təklif edən «DelionFoods»un yaradıcısı Mahdi Taghizadeh deyir ki, onun da apps-i ləğv olunub.

«Bu qədər işləyirik, daim mübarizə aparırıq, indi də başımıza belə bir iş gəlir. İndi iPhone işlədən heç kəs bu populyar apps-ləri yükləyə bilməz. Təsəvvür edin ki, ABŞ-da mobilinizlə «Uber»lə əlaqə saxlaya bilmirsiniz», – o, müsahibəsində gileylənib.

Tehranda «Apple» mağazası
Tehranda «Apple» mağazası

ONLAYN ETİRAZ

Taghizadeh bu addıma onlayn etiraz da təşkil edib, «Twitter»də #StopRemovingIranianApps (İran apps-lərini silməyi dayandırın) kampaniyası başladıb. İran hökuməti «Twitter»i yasaqlasa da, inadkar istifadəçilər ona qoşulmağın yolunu tapırlar.

«Google» isə İran apps-lərinə qarşı oxşar addım atmayıb. O, «Android» hazırlayanlara alış daxil olmayan apps-lər yerləşdirməyə icazə verir.

İran hökuməti təkcə «Twitter»i deyil, «Facebook» və «Google»un «YouTube» xidmətini bloklayıb.

Amerikanın İrana nüvə silahları proqramına görə texnologiya sahəsində qoyduğu sanksiyalar mürəkkəbliyi ilə fərqlənir. Obama administrasiyası İranda internet xidmətləri göstərən Amerika texnologiya şirkətlərinə məhdudiyyətləri yüngülləşdirib ki, informasiyanın azad axını təmin olunsun, özəlliklə də gənc iranlılar arasında.

«APPLE» XƏBƏRDARLIQ ETMİŞDİ

Trump administrasiyası isə bütün sanksiyaları dəyişib. Prezident Trump bu ay yeni sanksiyalar layihəsini imzalayıb. Administrasiyanın texnologiya şirkətlərinə yeni qadağalar qoyub-qoymadığı bəlli deyil.

2015-ci ildə nüvə razılaşması əldə olunandan Avropa ölkələri İrana bütün sanksiyaları qaldırıblar.

«Apple» fevralda İran şirkətlərinə bildirmişdi ki, apps-lərində ödəniş variantlarını yığışdırsınlar və İran pulunun Birləşmiş Ştatlara daxil olmasının qarşısı alınsın. İran isə sanksiyalara cavab olaraq özünün «shapark» adlı daxili ödəniş sistemini yaratmışdı. «Apple»in bildirişindən sonra «Snapp» da daxil olmaqla, İranın bütün apps-ləri «shapark», nağd, yaxud digər ödəniş metodlarına keçiblər.

İranın yeni telekommunikasiya naziri olan Mohammad Javad Azari Jahromi «Twitter»də bu qərardan gileylənib, məsələni diqqətdə saxlayacağını deyib. O, farsca yazıb ki, «İranda mobil telefon bazarının 11 faizi «Apple» şirkətinə məxsusdur. «Apple» müştərilərə sayqı prinsipinə əməl etməyib. Biz apps-lərin çıxarılmasını hüquqi baxımdan təqib edəcəyik».

XS
SM
MD
LG