Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 18:56

Mənfi 30 dərəcədə tərəvəz yetişdirənlər


Svalbard arxipelaqı
Svalbard arxipelaqı

Yerin Şimal qütbünə ən yaxın yaşayış məntəqələrinin biri olan arktik şəhərcikdə Benjamin Vidmar-ın istixanası qarlı landşaftın fonunda yadplanetlilərin qurduğu tikili təsiri bağışlayır.

Amerikalı aşpaz yay aylarında sutkada 24 saat gün işığının olmasından yararlanaraq, burada pomidor, soğan, bibər və başqa tərəvəzlər yetişdirir.

Qışda buralarda dörd ay qaranlıq olur. Temperatur -30 dərəcə Selsiyə çatır. Vidmar evinin aşağısındakı iki otaqda mikrogöyərtilər – təzə-tər salat bitkilərinin yarpaqlarını və cücərtilərini və onlarla bildirçin yetişdirir.

«Hər şey gəmi və təyyarəylə gəlir»

Vidmar Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyuen şəhərciyində yerli qida məhsullarının yeganə təchizatçısıdır. Şimal qütbü buradan 1050 kilometr şimaldadır. Norveçin materik ərazisi isə cənubda, elə təxminən bu qədər məsafədədir.

Vidmar «Thomson Reuters» Fonduna müsahibəsində deyir ki, belə sərt şəraitdə qida yetişdirmək qeyri-mümkün missiya olsa da, vacibdir. O, regionun digər ucqar yaşayış məntəqələrinə örnək olmağa ümid edir.

«İdxaldan çox asılıyıq. Hər şey gəmi və təyyarəylə gəlir», – özü Ohayo ştatının Klivlend şəhərindən olan, ancaq 10 ilə yaxındır burada yaşayan Vidmar deyir.

«Bu, şəhəri asılı vəziyyətə salır. 2010-cu ildə İslandiyada vulkan püskürməsindən sonra hava nəqliyyatı iflic olanda Lonqyirbyuendə dükanlar boş qalmışdı. İdxal olunan qidanın qiyməti və keyfiyyəti çox zaman məyusedicidir», – Vidmar deyir.

Onun «Polar Permaculture» adlı şirkətinin məqsədi şəhərin ehtiyaclarını ödəyəcək qədər qida istehsal etmək və bütün üzvi və bioloji tullantıları emal etməkdir.

Bu, çox iddialı səslənir, ancaq hökumətin maliyyələşdirdiyi, startaplara yardım edən qurumdan dəstək alan şirkət artıq ötən il, işə başlamasından cəmi iki il sonra qoyduğu sərmayəni geri götürə bilib.

Svalbard arxipelaqı
Svalbard arxipelaqı

Vidmar və onun gənc oğlu bu işə görə şirkətdən maaş almırlar. Vidmar-ın özü hələ də yerli məktəblərin birində yemək bişirir. Bu, onun əsas, tam ştatlı işidir.

«Yerli olmasa, təklif etmərik»

Vidmar-ın yetişdirdiyi məhsullar Lonqyirbyuenin bir çox restoran və kafelərinin menyusunu bəzəyir. Zərif, çox sayda taamın bir-birini əvəzlədiyi ənənəvi Norveç menyuları təklif edən «Huset» restoranı belə yerlərdən biridir. Burada maral ətindən hazırlanmış steyk və bığlı suiti tartarının (çiy ətdən hazırlanan taam) yanında çörək üzərində bildirçin yumurtası, şüyüd, qırmızı soğan və ançousdan hazırlanan incə taam verilir.

«Bildirçin yumurtası yerli olmasa, biz onu müştərilərə təklif etməzdik. Ondan yararlanmaq imkanı əldə edən kimi bu xüsusi taamı düşünüb hazırladıq», – «Huset»in baş aşpazı Filip Gemzell deyir.

Vidmar-ın ayağı ilk dəfə Svalbard arxipelaqına 2007-ci ildə, bir kruiz gəmisində aşpaz işləyərkən dəyib. O zaman onun ağlına ilk gələn fikir bu olub: «Axı, insanlar burada necə yaşaya bilirlər?». Ancaq bu, eyni zamanda, onu çox maraqlandırıb.

«Amerikada işin pis tərəfi odur ki, çox işləyirsən, ancaq hələ də pul barədə narahatlıq keçirirsən. Sonra bura gəlirsən və bütün bu təbiəti görürsən. Heç nə səni yayındırmır, iri alış-veriş mərkəzləri yoxdur, «al, al, al» deyən bilbordlar yoxdur», – o deyir.

Faydalı qurdlar gətirməsinə icazə verilib

İlk gəlişindən bir il sonra Vidmar bu adaya köçərək, əvvəllər daş kömür mədəni olan, sonradan turist və tədqiqat məkanına çevrilmiş Lonqyirbyuenin restoran və barlarında çalışmağa başlayıb. O, burada təzə meyvə-tərəvəz tapmamasından və üzvi tullantıların dənizə atılmasından məyus olaraq özü qida məhsulları yetişdirmək qərarına gəlib.

İlk vaxtlar adamlar onu Arktikada qida yetişdirmək istədiyinə görə «dəli» adlandırıblar.

Vidmar öncə hidroponika - torpaq əvəzinə suda yetişdirmə üsulundan yararlanmaq istəyib. Ancaq bu halda o, gübrədən istifadə etməli idi. Gübrə isə materikdən gətirilir. Sonradan şəhər hökuməti ona Floridadan faydalı qurdlar gətirməyə icazə verib.

İndi hər dəfə o və ya oğlu restoranlara yeni mikrogöyərti gətirəndə, daha öncəki qabı götürüb torpağı qurdlara yedirirlər. Beləliklə, daha iri bitkilərin yetişməsi üçün təbii gübrə yaranmış olur.

Vidmar-ın növbəti məqsədi istixanasını qış aylarında üzvi materialdan enerji alan biodaycesterin köməyi ilə qızdırmaqdır. Bunu edə bilsə, istixanada ilboyu təzə tərəvəz yetişdirə biləcək.

XS
SM
MD
LG