Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:15

Sarkisyan da 'Rusiyasız mümkün deyil' deyir


Armen Sarkisyan və Vladimir Putin
Armen Sarkisyan və Vladimir Putin

Ermənistan prezidentinin fikrincə, proqramlaşdırma bacarığı olan istənilən şəxs istənilən yerdə sərhəd 'çəkə' bilər.

Ermənistanla Azərbaycanın dövlət sərhədini Rusiyanın iştirakı olmadan müəyyənləşdirmək mümkün deyil.

Bunu Ermənistan Prezidenti Armen Sarkisyan Rusiyanın “RBK” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən il 2-ci Qarabağ müharibəsinin dayanmasından sonra “elə ilk gündən” iki ölkənin sərhədinin müəyyənləşdirilməsində problem çıxıb. Sarkisyan deyir ki, Azərbaycan tərəf virtual xəritələrdən istifadə edir, amma əsl sərhəd sovet xəritələrinə əsasən müəyyən edilməlidir.

Virtual və real xəritələr

“Hərbi əməliyyatlar dayandırılandan sonra mən də Vladimir Vladimiroviç (Putinə) məktubumda yazdım ki, problemin həlli məhz sovet xəritələri ilə mümkündür. Ancaq Azərbaycan müxtəlif yerlərdə Google xəritələrindən, başqa nələrdənsə istifadə edir”, – Sarkisyan vurğulayıb.

Ermənistan prezidentinin fikrincə, proqramlaşdırma bacarığı olan istənilən şəxs istənilən yerdə sərhəd “çəkə” bilər.

“Bunlar virtual xəritələrdir. Real xəritələrə gəlincə, axı, bizim tariximiz var, Rusiya imperiyasına, Sovet ittifaqına bağlı ümumi tariximiz var”, – o vurğulayıb.

Sarkisyanın sözlərinə görə, özəlliklə sərhəd kəndləri və şirkətlərə məxsus ərazilərdə sərhədlərin müəyyənləşdirilməsində çətinliklər yaranıb. Məsələn, şirkətlərdən biriylə bağlı hazırda “mədənin harda olduğunu, solda, ya sağda qaldığı” aydın deyil.

Putin deyir ki, Ermənistan-Azərbaycan sərhədlərinin dəqiq xəritələri onlardadır
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Putin nə demişdi

Ermənistan prezidentinin dediklərinə Azərbaycan hələlik, rəsmi münasibət bildirməyib.

Rusiya Prezidenti Vladimir Putin də ötən həftə Valday klubunda müzakirədə deyirdi ki, ölkəsi Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsində vacib rol oynaya bilər. “Çünki xəritələr Rusiya ordusunun baş qərargahındadır, sovet dövründə sovet respublikalarının sərhədlərinin necə olduğunu həmin xəritələr göstərir”, – o deyib.

Putin deyib ki, tərəflər sakitcə əyləşərək mövcud sovet xəritələri əsasında “nəyisə dəyişməli, nəyisə dəyiş-düyüş” etməlidirlər.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Türkiyə ilə münasibətlər Rusiya ilə müzakirə olunur

Bu arada Ermənistan Türkiyə ilə münasibətlərinin normallaşdırılması məsələsini Rusiya ilə müzakirə edir. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan oktyabrın 28-də brifinqdə deyib.

“Türkiyə ilə münasibətlərin normallaşdırılmasına başlamağa hazırıq. Bu məsələ də Rusiya ilə müzakirə olunur, bu prosesdə necə irəli getməyi müzakirə edirik”, – o bildirib.

Son vaxtlar Ermənistanla Türkiyə münasibətlərin normallaşdırılması üçün müsbət siqnalların olduğunu bildiriblər. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra deyib ki, “bu dövrdə sərhədlərin müəyyənləşməsi və qarşılıqlı olaraq tanınması zəruridir”.

Türkiyə Prezidenti qeyd edib ki, yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış formalaşdırır: “Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etməsi yönündə səmimi iradə nümayiş etdirməsi lazımdır. Ermənistanın Azərbaycana münasibətdə səmimi iradə ortaya qoyacağı halda, Türkiyənin Ermənistanla əlaqələrinin də normallaşmasının önündə bir əngəl qalmayacaq”.

Türkiyə Ermənistanın Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinə görə 1993-cü ildə qonşusu ilə sərhədi bağlayıb.

XS
SM
MD
LG