Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:43

Asanj zaminə buraxılmadı


Assanj tərəfdarları məhkəmə binasının yaxınlığında
Assanj tərəfdarları məhkəmə binasının yaxınlığında

London məhkəməsi WikiLeaks saytının təsisçisi Culian Asanjın zaminə buraxılmaq barədə vəsatətini rədd edib.

Bundan əvvəl onun ABŞ-a ekstradisiyası müttəhimin ruhi durumuna görə bloklanmışdı.

Britaniyanın SkyNews şəbəkəsi xatırladır ki, 49 yaşlı Asanj 2012-ci ildə Londondakı Ekvador səfirliyinə sığınandan bəri ictimaiyyət qarşısında görünməmişdi.

Həmin vaxt o zorlama ittihamı ilə İsveçə ekstradisya olunmamaq üçün apardığı məhkəmə mübarizəsini uduzmuşdu və ona qarşı ittihamlara sonradan xitam verilməsinə baxmayaraq başqa yolu qalmırdı.

Hörmətdən düşən qonaq

Bundan sonra Ekvador prezidenti ona siyasi sığınacaq vermiş və beləliklə də Ekvador və Birləşmiş Krallıq arasında diplomatik qarşıdurma yaşanmışdı. Bu vaxtlar Asanj artıq Ekvador səfirliyində yaşayırdı.

Lakin o 7 ildən sonra Ekvador səfirliyi üçün arzuolunmaz qonağa çevrilmiş və Britaniya polisi Asanjın həbs edilməsi üçün səfirlyə dəvət olunmuşdu.

Assanj son dəfə London küçəsində 2019-cu ilin aprelində görünmüşdü. Polislər yorğun və üz-gözünü saç-saqqal basmış Asanjı səfirlikdən sürüyürək çıxarmışdılar.

Bunun ardınca o 2012-ci ildə zamin qaydasını pozduğuna görə 50 həftə müddətinə saxlanıb.

Xəbərdə deyilir ki, yanvarın 6-da Asanjın tərəfdarları yağış yağmasına baxmayaraq London məhkəməsinin qarşısına toplaşmışdılar.

Polis toplaşanların pandemiya ilə bağlı sosial məsafə saxlamasına cəhd göstərirdi.

175 illik həbs cəzası

Bundan 48 saat əvvəl İngiltərə və Uelsin Mərkəzi Cinayət Məhkəməsinin hakimi Vanessa Bareyster Asanjın casusluq və kompüter hakerliyi ittihamları ilə ABŞ-a eksptradisiyasını bloklayan qərar qəbul edib.

Amerikalılar iddia edirlər ki, Asanjın İraq və Əfqanıstan müharibələrinə aid məxfi sənədləri qəbul və dərc etməsi insanların həyatını təhlükəyə atıb.

Sözü gedən sənədlər WikiLeaks saytında 2010-cu ildə dərc olunmuşdu. Sonradan sənədlərin redaktəli variantlarını The Guardian və başqa qəzetlər də çap etmişdilər.

ABŞ prokurorları Asanja qarşı 17 epizod üzrə casusluq və bir epizod üzrə kompüter hakerliyi ittihamları irəli sürüblər.

O sentyabrda bu ittihamlar üzrə təkrar həbs olunmuşdu və onu 175 il müddətinə azadlqıdan məhrumetmə cəzası gözləyir.

İfadə azadlığı və intihar qorxusu

Asanj və onun vəkilləri onun ABŞ-a ekstradisiyasının qarşısını almaq üçün mübarizə aparırdılar. Onlar iddia edirdilər ki, Asanj casus yox, təhqiqat jurnalistidir və onunla edilən rəftar Asanjı intihar durumuna gətirib.

Yanvarın 4-də hakim vəkillərin əsas müddəasını rədd edib və deyib ki, Asanj söz azadlığından sui-istifadə edərək adamların həyatını təhlükə qarşısında qoyub.

Hakim bunu da bildirib ki, Asanjın ABŞ-da ədalətlə mühakimə olunacağına inanır.

Lakin hakim digər tərəfdən razılaşıb ki, ABŞ-da ciddi rejimli həbsxanada uzun müddət saxlanması Asanjın intihar etməsinin qarşısını ala bilməyəcək.

O xatırladıb ki, belə bir şəraitdə saxlanması məşhur Amerika maliyyəçisi və cinsi təcavüzkar Cefri Epşteynin Nyu York həbsxanasında intihar etməsinin qarşısını ala bilməyib.

SkyNews yazır ki, Asanjın ekstradisiyasının bloklanması onun tərəfdarlarının arzu etdikləri kimi ifadə azadlığının qələbəsi deyil.

Nişanlısı Stella Moris Britaniya televiziyasına deyib ki, o, iki azyaşlı övladının atası olan Asanjı yanvarın 4-də çıxarılmış məhkəmə hökmünə qədər görə bilməmişdi.

ABŞ hökuməti bildirib ki, ekstradisiyanın bloklanmasından apellyasiya verəcək.

XS
SM
MD
LG