Sentyabrın 27-dən 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyası keçirilir. Bu gün – sentyabrın 27-də “Ermənistan-Azərbaycan münaqişəsinin humanitar fəsadları” adlı hesabat müzakirəyə çıxarılacaq.
İrlandiyadan olan deputat Pol Gavanın hazırladığı hesabatın layihəsində deyilir ki, AŞPA ötənilki 44 günlük münaqişənin faciəvi humanitar fəsadlarından məyusdur. Qurum yada salır ki, Ermənistanla Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına üzv olarkən münaqişəni yalnız dinc yolla həll etmək öhdəliyi götürüblər. Ona görə də 2020-ci ildə 6 həftəlik müharibə bu öhdəliklərin pozulmasıdır, Avropa Şurası bu məsələyə baxmalıdır.
İtkinlər
Assambleya müharibədə Ermənistan tərəfdən 3 min 900-dən, Azərbaycandan isə 2 min 900-dən çox hərbçinin öldürülməsindən, itkin düşən mülki şəxslərin sayından “dəhşətə gəlib”. AŞPA hər iki tərəfin ölənlərin meyitlərinin aşkarlanması və qaytarılması üzrə cəhdlərini, bu yöndə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Rusiya hərbçilərinin rolunu alqışlayır.
1991-1994-cü il müharibəsində 3890 azərbaycanlının və min erməninin itkin düşdüyü də vurğulanır, bu işlər üzrə az irəliləyiş əldə olunmasından təəssüf bildirilir.
Qurum tərəfləri BQXK-nın yardımıyla hökumətlərarası komissiyanın işini bərpa etməyə çağırır.
Hərbi əsirlər məsələsi
AŞPA Azərbaycanda saxlandığı bildirilən 188 erməniylə bağlı narahatlığını ifadə edir, onların bir qisminin sonradan qaytarıldığını da vurğulayır. Hər iki tərəfə hərbi əsirləri repatriasiya etmək, eyni zamanda döyüş əməliyyatları dayandırılandan sonra dinc sakinləri buraxmaq öhdəliklərini xatırladır.
Azərbaycan 44 günlük müharibə və atəşkəs razılaşması nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağdakı erməni icması ilə təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.
Müharibədən sonra Ermənistana 104 əsirin qayıtdığı bildirilir. Azərbaycan hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış hərbçilərin əsir deyil, terrorçu-diversant olduğunu desə də, onların bir qismi sonradan mina xəritələri əvəzində Ermənistana qaytarılıb.