Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:36

İlham Əliyevə müraciət edəndən bəri səsi gəlmir


Vüqar Əliyev
Vüqar Əliyev

►"Eşitdiyimə görə, oğluma işgəncə veriblər"

Ömürlük məhbus Vüqar Əliyevin prezidentə müraciətindən sonra ailəsi ondan xəbər tuta bilmədiyini deyir

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə ömürlük həbs cəzası almış Vüqar Əliyevin prezidentə video-müraciəti noyabrın 23-də mediada yayılmışdı.

Anası Məlahət İsmayılova AzadlıqRadiosuna deyir ki, həmin müraciətdən sonra oğlunun saxlanma şəraiti dəyişdirilib.

Ərdoğan: "İŞİD-dən Rusiyanın özü neft alır"

ZƏNG DƏ ELƏMƏYİB

"Bizə xəbər çatdı ki, prezidentə müraciəti yayılan kimi Vüqarı öz kamerasından çıxarıb aparıblar. Eşitdik ki, həmin müraciətə görə ona işgəncə verirlər. Həbsxana ilə əlaqə saxladıq, heç olmasa, bircə kəlmə səsini eşidib rahatlaşmaq istəyirdim. İmkan verilmədi, dedilər ki, “narahat olmayın, sağ-salamatdır”. Onun telefonla evlə əlaqə saxladığı günlər var, gözlədim, həmin gün də zəng eləmədi. Nigarançılığım lap artdı. Görüş vaxtı deyil deyə, həbsxanaya da buraxmırlar", - deyə Məlahət İsmayılova bildirib.

Vüqar Əliyevin valideynləri məsələ ilə əlaqədar Ombudsman Aparatı ilə də əlaqə saxlayıblar:

"Bizə dedilər ki, narahat olmayın, hər şey qaydasındadır. Əgər qaydasındadırsa, bəs uşağımı niyə gizlədirlər? Gördülər ki, çox narahatam, dedilər ki, “beşinci günə (dekabrın 4-dək-red.) qədər gözləyin, əgər yenə özü ilə danışa bilməsəniz, bizə xəbər verərsiz"”.

Məlahət İsmayılovanın sözlərinə görə, onlara Vüqar Əliyev barədə yeni cinayət işi başlanacağı barədə xəbər çatıb:

"Başa düşmürəm, nə istəyirlər mənim uşağımdan? Bir adamın sifarişilə ömürlük iş veriblər, yenə əl çəkmirlər. Ömürlükdən də o tərəfi var ki, yeni cinayət işi açırlar? Adama nə qədər zülm eləyərlər?!"

Buna da bax: Ya bakirə ol, ya öl...

PENİTENSİAR XİDMƏT DEYİR, ŞİKAYƏT DAXİL OLMAYIB

Vüqar Əliyevin durumu, həmçinin anasının dediklərilə əlaqədar Penitensiar Xidmətdən bildirilib ki, quruma bu barədə hər hansı məlumat və ya şikayət daxil olmayıb:

"Əgər yazılı şəkildə məktub göndərilsə, məsələni araşdırarıq".

Xatırladaq ki, Vüqar Əliyev keçmiş nişanlısı Lamiyə Quliyeva ilə birlikdə 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilərək həbs olunub.

Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il azadlıqdan məhrum edilib. 2 il əvvəl L.Quliyeva barəsində əlavə cinayət işi başlanılıb və cəzası 5 il 6 ay artırılıb. 2015-ci ilin fevralında Apellyasiya Məhkəməsinin qərarı ilə Lamiyə Quliyeva azadlığa buraxılıb. O, Ruslan Aslanovu namus üstündə öldürdüyünü və qətlin törədilməsində Vüqar Əliyevin heç biri rolu olmadığını deyir.

Qobustandakı qapalı həbsxanada saxlanılan Vüqar Əliyev noyabrın 23-də yayılan video-müraciətində bildirir ki, törətmədiyi cinayətə görə ömürlük cəza çəkir:

"Aslan Aslanov yüksək çinli məmur olduğu üçün yalançı şahidlərin vasitəsilə məni qeyri-qanuni olaraq ömürlük həbsə atdırıb. Cinayəti törətmədiyimi Lamiyə Quliyeva da təsdiq edir. İndiyədək aidiyyəti orqanlara etdiyim müraciətlər cavabsız qalır. Ona görə də çox ümidlə sizə müraciət edirəm ki, həqiqəti ortalığa çıxarmaq üçün lazımı göstərişlər və tapşırıqlar verəsiniz".

XS
SM
MD
LG